Kremlin Azərbaycana qarşı əsassız ittihamları

Kremlin Azerbaycana qarsi esassiz ittihamlari

Rusiya radikal millətçiliyini gizlətmək üçün təzyiq yolunu tutub

Rusiya tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə yönəlik aparılan total informasiya və siyasi təbliğat kampaniyası son dövrlərdə yeni və daha aqressiv mərhələyə keçib. Bu kampaniyanın mərkəzində yalnız siyasi təzyiqlər deyil, həm də Rusiya mediasında Azərbaycan xalqına qarşı ən absurd və təxribatçı ittihamların sistemli şəkildə yayımlanması dayanır. 

Milli Məclisin deputatı Elçin Mirzəbəyli qəzetimizə açıqlamasında bildirib ki, Rusiyanın xarici siyasətinin əsas ideoloji dayaqlarından biri də "Avrasiyaçılıq konsepsiyası"dır. Bu nəzəriyyə postsovet məkanı üzərində Rusiyanın hegemonluğunuı bərpa etmək, həmçinin Avrasiya qitəsində geosiyasi dominantlıq iddiasını həyata keçirmək məqsədi daşıyır. "Avrasiyaçılıq ideologiyası türk və slavyan xalqlarının "qardaş xalqlar" olduğu, Rusiya mərkəzli "birlikdə yaşama" modelinin qurulmasının zəruriliyi iddiasına əsaslanır. Bu nəzəriyyəyə görə, Azərbaycan kimi türk dövlətləri, etnik və mədəni qohumluq səbəbilə Rusiyanın təhlükəsizliyi və rifahı üçün Moskvanın müəyyən etdiyi şərtlər çərçivəsində "təhlükəsiz bölgə" kimi qəbul edilməlidir. Ancaq bu iddialar, əslində, Rusiyanın imperiya ambisiyalarını gizlətmək üçün istifadə olunan siyasi alətdir. Azərbaycan və digər türk dövlətlərinin suverenliyini və müstəqil siyasət yürütməsini qəbul etməyən Moskva bu ideoloji konsepsiyalar vasitəsilə bölgədə öz siyasi və hərbi təsirini bərpa etməyə çalışır", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, "türk-slavyan birliyi" iddiası Rusiya tərəfindən bölgədə həm milli identikliklərin, həm də dövlətlərin özünəməxsusluğunun zəiflədilməsi məqsədilə ortaya atılmış, heç bir mədəni təməli olmayan siyasi konspirasiya nəzəriyyəsindən başqa bir şey deyil. Bu, Moskvanın türk dövlətlərinə qarşı "müttəfiqlik" kimi qələmə verilən, əslində isə, asimmetrik və təzyiq mexanizmi kimi işləyən siyasi mexanizmin heç bir perspektivi olmayan, qondarma ideya altında pərdələnməsidir. 

Rusiya mediasının Azərbaycana qarşı total dezinformasiya kampaniyasının mərkəzində olduğunu vurğulayan deputat deyib ki, bu təbliğatın əsas hədəfi Azərbaycanın beynəlxalq imicini korlamaq və daxildə Azərbaycan xalqına qarşı düşmənçilik nifrəti yaratmaqdır: "Rusiyanın dövlət nəzarətində olan media resursları Xankəndini məqsədyönlü şəkildə "Stepanakert" adlandırırlar. Xankəndinin "Stepanakert" adlandırılması vasitəsilə Rusiya separatçıları yenidən ümidləndirməyə və revanş meyillərini gücləndirməklə sülh prosesini əngəlləməyə çalışır. Bu, sıradan olan bir terminoloji yanlışlıq deyil, Kremlin informasiya müharibəsinin mühüm alətidir. Moskva bununla toponimlərin, özünün uydurduğu "tarixi həqiqət" adı ilə yenidən yazıla biləcəyinə işarə etmək istəyir. Rusiyanın bəzi media resurslarının Azərbaycanı guya "ultramillətçi təbliğat" aparmaqda ittiham etməsi Kremlin informasiya müharibəsində yaxşı tanınan bir taktikasının - "güzgü effekti" metodunun növbəti nümunəsidir. Bu metodun mahiyyəti isə sadədir: özündə olan təhlükəli xüsusiyyətləri və ideoloji xəstəliyi qarşı tərəfə yükləməklə diqqəti yayındırmaq və təzyiq göstərmək. Əslində isə, məhz Rusiyanın hazırkı dövlət siyasəti, beynəlxalq münasibətlərdəki davranış modeli və daxili idarəetmə üsulu nasist ideologiyasının müasir formaya salınmış variantıdır".

 E.Mirzəbəyli bildirib ki, "rus dünyası" ideologiyası, rus xalqının guya xüsusi tarixi-mədəni missiyaya sahib olması tezisi, nasist Almaniyasındakı "ari irq" konsepsiyasının köhnə şablonudur. Digər aspekt ərazi ekspansiyasının "azadlıq" kimi təqdim edilməsidir. Bu yolla hərbi təcavüzkarlıq "rus əhalisinin müdafiəsi" kimi pərdələnir. Bu, 1930-cu illərin Avropasında nasistlərin Sudet vilayətinə, Avstriyaya və Polşaya hücumları zamanı istifadə olunan ritorikanın eynisidir. "Rus evləri" şəbəkəsi, rus dili və mədəniyyəti bəhanəsi ilə aparılan təsir əməliyyatları isə nasist Almaniyasının "Volksdeutsche" siyasətinin təkrarıdır. Azərbaycanı ultramillətçi adlandırmaq isə həm tarixi, həm də faktoloji baxımdan absurddur. Azərbaycan Respublikasının dövlət siyasəti multikulturalizm və etnik-dini tolerantlıq prinsipləri üzərində qurulub. 30 il ərzində ölkədə müxtəlif etnik və dini icmalar sülh və qarşılıqlı hörmət şəraitində yaşayıb, bu model beynəlxalq təşkilatlar tərəfindən nümunə kimi təqdim olunub.

O vurğulayıb ki, Kremlin Azərbaycana qarşı bu ittihamları Rusiyanın özündəki radikal millətçiliyi gizlətmək və region ölkələri arasında qarşılıqlı etimadı zədələmək və təzyiq siyasətinin ekspansiyası üçün bəhanə yaratmaq niyyəti daşıyır: "Tarixi reallıq isə başqadır! Nasist ideologiyasına bənzər siyasəti həyata keçirən tərəf Azərbaycan deyil, məhz Rusiyanın özüdür. Azərbaycanın milli siyasəti heç vaxt başqa xalqları assimilyasiya və ya məhv etməyə yönəlməyib, əksinə, bütün etnik qrupların hüquqlarının təmin olunması dövlət siyasətinin əsas sütunlarından biridir".

Prezident İlham Əliyevin ABŞ-yə səfərini Azərbaycan-ABŞ münasibətlərinin inkişafında yeni bir səhifə açdığını deyən deputat əlavə edib ki, bu səfər Cənubi Qafqazın geosiyasi mənzərəsini də dəyişdirəcək proseslərin start nöqtəsinə çevrilib. Strateji tərəfdaşlıq müstəvisində imzalanan sənədlər, enerji, təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahələrində atılması nəzərdə tutulan addımlar Bakının qlobal siyasətdə çəkisinin artdığını bir daha təsdiqləyir. ABŞ Prezidenti Donald Trampın da şahidliyi ilə Azərbaycanla Ermənistan arasında illərdir davam edən gərginliyi arxada qoymaq gücünə malik bir bəyannamənin imzalanması isə bölgəni yeni təhlükəsizlik və əməkdaşlıq mərhələsinə daşıya biləcək sənəddir. Bu isə, görünür, Moskvanın əsəblərini tarıma çəkib. Çünki Kreml illərlə Cənubi Qafqazda "yeganə vasitəçi" rolunu özünün təbii haqqı kimi təqdim edib, sülh prosesinin yalnız onun patronajı ilə mümkün olduğu görüntüsünü yaratmağa çalışıb. ABŞ platformasında atılan bu addım Rusiyanın neoimperialist iddialarına birbaşa zərbə vurmaqla yanaşı, onu sülh masasından kənarda qoyub. "İndi Moskva əsəbini gizlətmir. Ritorika sərtləşib, dezinformasiya maşını işə salınıb, Azərbaycana qarşı saxta ittihamlar səsləndirilir. Amma gerçəklik dəyişmir: Azərbaycan öz iradəsi və diplomatik ustalığı ilə bölgədə sülhün real memarına çevrilir, Rusiya isə özünü bu tarixi prosesdən təcrid edir. Məlum olduğu kimi, Moskva dövrümüzdə hibrid əməliyyatlara, yəni dezinformasiya, kiberhücum, sabotaj və sərhəd təxribatlarına etibar edir və bu, onun xarici siyasətinin mərkəzi alətlərindən biridir. Rusiyanın informasiya maşını xarici auditoriyada digər tərəfləri "aqressor" kimi qələmə vermək üçün intensiv dezinformasiya kampaniyaları aparır. Bu, Cənubi Qafqaz kontekstində də müşahidə olunur və daha da gücləndirilə bilər", - deyə o bildirib.

E.Mirzəbəyli söyləyib ki, Azərbaycan isə hər cür təxribata qarşı hazırdır və əks mövqedə dayanan hər kəsə layiqli cavab vermək əzmindədir. Kimlərsə regionda xaos yaratmaq, sülh prosesini pozmaq barədə düşünürsə, Azərbaycanın tək olmadığını və güclü tərəfdaşları ilə birlikdə hər hansı avantüranı dərhal, qətiyyətlə zərərsizləşdirəcəyini bilməlidir.