Koreyada Azərbaycan və türk dilləri üzrə nitq müsabiqəsi keçirilib (FOTO)
Koreyanın tanınmış universitetlərindən HUFS-un (Hankuk University of Foreign Studies – Hankuk Xarici Tədqiqatlar Universiteti) Azərbaycan və türk dili departamentinin müəllimi, professor Rövşən İbrahimovun tələbələri Azərbaycan dili üzrə nitq müsabiqəsində iştirak edib.
Zeferinfo.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, hər ilin dekabr ayında universitet tərəfindən Azərbaycan və türk dilləri üzrə nitq müsabiqəsi keçirilir.
"Tədbirdə həm Azərbaycan, həm də Türkiyənin Koreya Respublikasındakı səfirliklərinin nümayəndələri iştirak edib, qalibləri mükafatlandırıblar.
Koreyalı tələbələr maraqlı çıxışları ilə yadda qalıb. 1-ci yerin qalibi Pe İnxe “Koroğlu” dastanından bəhs edib. O, ağır xəstəlik keçirəndən sonra depressiyaya qapılmasından, dastanın ona ruh yüksəkliyi verməsindən, oxuyub bitirəndən sonra həyata baxışının dəyişməsindən söhbət açıb.
2-ci yeri qazanan tələbə Kim Dabin təhsilinin magistratura pilləsini Azərbaycanda davam etdirmək niyyətində olduğunu və Azərbaycan iqtisadiyyatını daha dərindən öyrənmək istədiyini vurğulayıb.
3-cü yerin qalibi Yun Socin idman sahəsi, ələlxüsus Azərbaycan voleybolu ilə yaxından maraqlandığından, bu idman növünün Azərbaycanda inkişafından bəhs edib",- deyə məlumatda qeyd edilib.