"Konstitusiya və Suverenlik İli” ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR

"Konstitusiya ve Suverenlik Ili” ile bagli maariflendirme tedbiri kecirilib - FOTOLAR

Gənc Vətənpərvərlər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər arasında Konstitusiya və Suverenlik İli”nin ideya və mahiyyətinin təbliğində vətənpərvərlik layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününün və Azərbaycan Respublikası Konstitusiyasının təbliğ olunmasında gənclərin rolu” mövzusunda seminar keçirilib.

Zeferinfo.az xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himni ilə başlamış və Ulu Öndərin, eləcə də torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin direktor müavini Nigar Şireliyeva Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar tələbələrə və qonaqlara təbriklərini çatdıraraq, Konstitusiyanın hər bir müstəqil dövlətin hüquqi, siyasi və sosial əsasını təşkil edən, dövlətin suverenliyini təsdiqləyən ali hüquqi sənəd olduğunu qeyd etmişdir.

Layihə rəhbəri, ictimai xadim Müqamət Əliyev tədbir iştirakçılarını salamlamış və layihə çərçivəsində keçirilən tədbirlərdən onun mahiyyətini iştirakçılara çatdırmışdır.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin təmin edilməsi, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın həyata keçirilməsi kimi ali niyyətlərin reallaşdırılması üçün mühüm qanunvericilik bazası rolunu oynadığını vurğulamışlar.

Qeyd edilmişdir ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyanın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir.

Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin və həmrəyliyinin ifadəsidir.

Tədbirin sonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin tələbələri, könüllülər, QHT nümayəndələri və qonaqlar Sertifikat, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin əksi olan döş nişanı ilə icra olunan layihədə fəal iştiraklarına görə təltif edilmişdir.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin tələbələri, könüllülər, GVİB-nin İdarə Heyəti və QHT nümayəndələri iştirak etmişdir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilir.