
BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi işğalçı qüvvələrin ərazilərimizdən dərhal çıxarılmasını tələb etsə də, rəsmi İrəvan bu qərarı icra etməmişdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu qan tökülmədən Azərbaycana təhvil verilib.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən olunub. İşğal altında olmuş ərazilərimizin azad olunma günlərinin xüsusi təqvimlə qeyd edilməsi çox təqdirəlayiqdir. Bu, möhtəşəm Zəfərimizin, eləcə də şəhidlərimizin əziz xatirəsinin, torpaqlarımızın azadlığı uğrunda vuruşan döyüşçülərimizin qəhrəmanlığının əbədiləşdirilməsi baxımından mühümdür.
Digər işğaldan azad edilmiş ərazilərdə olduğu kimi Kəlbəcərdə də bərpa və yenidənqurma işlədi sürətlə davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edilmişdir. Kəlbəcər şəhərində və kəndlərində yaşayış məntəqələrinin tikintisi davam etdirilir, infrastruktur yenidən qurulur.
Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Birinci mərhələdə Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq.
Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilib. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. Kəlbəcər artıq canlanır, buraya həyat qayıdır. Dövlət başçısı İlham Əliyev bu ilin avqust ayında Kəlbəcər şəhərinə səfəri zamanı bura köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim etmişdi. Ümumilikdə bu günədək Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb.
Genişmiqyaslı bərpa-quruculuq işləri soydaşlarımızın mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdışı ilə müşaiyət olunur. İşğaldan azad edilmiş ərazilərimizin hər biri özünəməxsus iqtisadi potensiala malikdir. Bu baxımdan Kəlbəcər turizm imkanları ilə diqqətdədir. Kəlbəcər şəhəri hazırda dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. İşğaldan əvvəl turizm imkanları ilə fərqlənən “İstisu” Müalicə-İstirahət Kompleksi yenidən bərpa olunur. Kompleksin ümumi sahəsi 80 min kvadratmetr təşkil edəcək.
Hazırda kompleksin ərazisində 145 nömrədən ibarət olan hotel binasının, 10 kottecin və 5 inzibati binanın tikinti işləri aparılır. Kompleksin mineral sularla müalicə, pelioidterapiya (palçıqla müalicə) və klimatoterapiya (iqlim müalicəsi) istiqamətləri üzrə fəaliyyət göstərməsi nəzərdə tutulur. Bütün bunlar Kəlbəcərin insan sağlamlığı üçün nə qədər böyük resurslara malik olduğunu təsdiqləyir.