Kamran Əliyev Səudiyyə Ərəbistanında görüşlər keçirib

Bu barədə Zeferinfo.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, cinayət yolu ilə əldə edilmiş əmlakların ölkələrin maliyyə sisteminin sabitliyinə ciddi təhlükə törədir və təhdidə qarşı mübarizədə qlobal səylərin birləşdirilməsinin vacibdir.
Baş prokuror eyni zamanda bu istiqamətdə prokurorluq orqanları tərəfindən həyata keçirilmiş tədbirlər barədə də tədbir iştirakçılarını məlumatlandırıb.
Səfər zamanı Baş prokuror tərəfindən xarici həmkarlarla ikitərəfli görüşlər də keçirilib.
BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri xanım Qada Vali ilə keçirilmiş ikitərəfli görüşdə ölkəmizlə qurum arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin yüksək səviyyədə olması qeyd edilərək birgə əməkdaşlıq formasında həyata keçirilmiş tədbirlər, o cümlədən ötən ilin 13 noyanr tarixində COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyanın, cari ilin may ayında Bakı şəhərində BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan qurumların qlobal əməliyyat şəbəkəsinin (GlobE) 6-cı iclasının yüksək səviyyədə təşkili xatırlanıb və buna görə ev sahibi kimi ölkəmizə təşəkkür bildirilib.
Həmçinin qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi və ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, tərəflər gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulan digər layihələr barədə fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, Misir Ərəb Respublikasının Baş prokuroru Şevki Fethi Ayadla keçirilmiş görüş zamanı ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətləri qeyd edilərək hüquqi əməkdaşlıq və təcrübə mübadiləsi sahəsində konkret təkliflər müzakirə edilib.
Bəhreyn Krallığının Baş prokuroru Ali Fadl Al-Buainain ilə görüş zamanı qurumlar arasında uzunmüddətli və məhsuldar əməkdaşlıq əlaqələri xatırlanaraq, həmçinin regional layihələr çərçivəsində yeni təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
İraq Respublikasının Baş prokuroru Nacm Abdullah Əhmədlə görüşdə iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlığın perspektiv sahələri qeyd edilib.
Bundan əlavə, Mərakeş Krallığının Korrupsiyaya qsrşı mübarizə üzrə milli idarəsinin rəhbəri Məhəmməd Benalilou və Pakistan İslam Respublikasının ixtisaslaşmış korrupsiyaya qarşı mübarizə qurumu olan Milli Hesabatlılıq Bürosunun sədri Nazir Əhməd Butt ilə də ikitərəfli görüşlər keçirilib.
Görüşlərdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər, hüquq mühafizə orqanlarının əməkdaşlığı, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunub.
Tərəflər, həmçinin, transsərhəd cinayətkarlıq və digər çağırışlarla mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
İkitərəfli görüşlər zamanı cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da səmərəli fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşlərdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev də iştirak edib.
Nümayəndə heyətinin səfəri başa çatıb.