Kamran Əliyev Braziliyanın Baş prokuror müavini ilə görüşüb
Bu barədə Zəfərinfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqları salamlayan Kamran Əliyev ölkələrimiz arasında isti münasibətlərin mövcud olduğunu söyləyib. O, bir sıra sahələrdə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edib və ölkələrimiz arasında hüquqi əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu vurğulayıb.
COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyasının uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.
Braziliya Federativ Respublikasının Baş prokurorun müavini səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirərək təmsil etdiyi qurumun Azərbaycan Respublikasının Prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib və bu əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb.
Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə hazırlığının ən yüksək səviyyədə olduğunu qeyd edən qonaq COP29-un dünya üçün böyük töhfələr verə biləcəyindən əminliyini vurğulayıb, COP29 çərçivəsində təşkil olunan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyanın uğurla başa çatması münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib.