Səfərin proqramı və əsas fəaliyyətlər
Səfərin ilk günü Şuşa şəhərində baş tutmuşdur. Burada Cıdır düzündə tədbir təşkil olunmuş, “Nur” xalça evinin hazırladığı, şəhidlərin portretlərinin əks olunduğu xalçalardan ibarət sərgi nümayiş etdirilmiş, məktəblilərin iştirakı ilə musiqi nömrələri təqdim olunmuşdur. Qənbərova Günəş və Qənbərov Fərmanın ifasında səslənən vətənpərvər mahnılar tədbir proqramının bir hissəsini təşkil etmişdir.
Daha sonra iştirakçılar Xankəndi şəhərinə səfər edərək orada təşkil edilən tədbirə qatılmışlar. Səfərin ikinci günü Qubadlı və Laçın şəhərlərinə ziyarətlə davam etmiş, bu şəhərlərdə əsasən tanışlıq və gəzinti xarakterli fəaliyyətlər icra olunmuşdur.
Tədbirlər zamanı bir sıra təşkilatçı və iştirakçılar çıxış edərək səfərin əhəmiyyətini vurğulamışlar. Jurnalist Türkanə Səfərova qeyd etmişdir ki, azad torpaqlarda şəhid anaları ilə birgə olmaq böyük məsuliyyətdir. Bu tip səfərlər uzun illər ərzində bu ərazilərə getmək imkanı olmayan müharibə iştirakçıları və şəhid ailələri üçün həm mənəvi baxımdan, həm də ictimai şüurun formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin çıxışında bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tarixi nailiyyət kimi dəyərləndirərək, bu böyük zəfərə görə Prezident İlham Əliyevə və Müzəffər Azərbaycan Ordusuna dərin təşəkkürünü bildirib. O, qeyd edib ki, bu gün şəhid ailələrinin və qazilərin Şuşa, Xankəndi, Laçın və Qubadlıya səfəri məhz dövlət başçısının qətiyyəti və rəhbərliyi ilə mümkün olub. Türkanə Səfərova həmçinin vurğulayıb ki, azad olunmuş torpaqlarda belə tədbirlərin keçirilməsi Azərbaycanın milli birliyinin və xalq-dövlət birliyinin bariz nümunəsidir.
Veteran Süleymanova Simarə isə təşkil olunan bu tədbirlərin əsas məqsədinin qazilərlə şəhid ailələrinə diqqət və ehtiram göstərmək, eyni zamanda onların dövlətə və torpağa bağlılığını möhkəmləndirmək olduğunu vurğulamışdır.
Səfər iştirakçılarından Alıyeva Alıyə (şəhid mayor Alıyev Elçinin anası) bildirib ki, bu torpaqları ziyarət etmək onlar üçün həm mənəvi rahatlıq, həm də övladlarının xatirəsinə ehtiram kimi qəbul olunur.
Qazi İsmayılov Tacəddin isə çıxışında vurğulayıb ki, döyüş illərində azad olunması arzulanan torpaqlarda bu gün sərbəst şəkildə gəzə bilmək onun üçün böyük dəyər daşıyır və bu səfəri təşkil edənlərə minnətdardır.
Sonda tədbir iştirakçıları təşkilatçılara dərin minnətdarlıqlarını ifadə edərək, belə bir səfərin onların həyatında əhəmiyyətli bir yer tutduğunu bildirdilər. Onlar, bu imkanı təmin edən Türkanə Səfərova və Süleymanova Simarəyə təşəkkür edərək, belə təşəbbüslərin şəhidlərin ruhuna hörmət və qazilərə dəstək baxımından önəmli olduğunu vurğuladılar. İştirakçılar bu səfərin, azad edilmiş torpaqlarda duyduqları qüruru bir daha yaşatdığını və onlara yeni ümidlər bəxş etdiyini bildirdilər. Təşkilatçılara bu xeyirxah fəaliyyətlərə davam etmələri üçün əminliklə dəstəklərini ifadə ediblər.
Türkanə Səfərova uzun illərdir ki, həm ölkə daxilində, həm də xarici ölkələrdə vətənpərvərlik ruhunu təşviq edən tədbirlərin təşkili ilə fəal şəkildə məşğuldur. O, eyni zamanda şəhidlərin qəhrəmanlıq yolunu və qazilərin döyüş tarixçələrini əks etdirən sənədli filmlərin müəllifi kimi də tanınır. Onun təşəbbüsü ilə keçirilən tədbirlər, layihələr və ekran əsərləri vətəndaş cəmiyyətində milli ruhun möhkəmləndirilməsinə, gənc nəslin vətənə bağlılıqla yetişməsinə mühüm töhfə verir. Bu istiqamətdə göstərdiyi xidmətlərinə görə Türkanə Səfərova müxtəlif dövlət və ictimai qurumlar tərəfindən diplom və fəxri fərmanlarla təltif olunmuşdur.
Süleymanova Simarə son illər ərzində bir sıra sosial yönümlü layihələrin və vətənpərvərlik tədbirlərinin təşkilatçıları kimi tanınır.
Türkanə Səfərova və Simarə Süleymanovanın təşəbbüsü ilə müxtəlif bölgələrdə qazilərlə görüşlər, şəhid ailələrinin ehtiyaclarının öyrənilməsi və ictimaiyyətə çatdırılması məqsədilə tədbirlər həyata keçirilmişdir. Bu səfər də həmin fəaliyyətlərin davamı kimi qiymətləndirilə bilər.
İşğaldan azad edilmiş ərazilərə təşkil olunan bu tip səfərlər, müharibə iştirakçıları və şəhid ailələri üçün tarixi ədalətin bərpasını hiss etməyə, bu torpaqlar üzərində yeni səhifələr açmağa imkan yaradır. Dövlətin və ictimai fəalların bu kimi təşəbbüsləri gələcəkdə də davam etdirilməli, bu istiqamətdə həm maarifləndirici, həm də sosial dəstək xarakterli tədbirlər genişləndirilməlidir.