İzmir Azərbaycan Dərnəyinin sədri Turan Qastro Turizm Akademiyasını ziyarət edib
İzmir Azərbaycan Dərnəyinin sədri Turan Qastro Turizm Akademiyasını ziyarət edib – beynəlxalq əməkdaşlıq istiqamətində mühüm addımlar atılıb.
Sumqayıt, 24 yanvar – 24 yanvar tarixində İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) sədri Pərviz Altay TİKA-nın dəstəyi ilə Sumqayıt şəhərində fəaliyyət göstərən Turan Qastro Turizm Akademiyasına (TQTA) rəsmi səfər etmişdir.
Səfər çərçivəsində TQTA-nın direktoru Mübariz Quliyevlə keçirilən görüşdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) sədri Ruslan Quliyev, Space Travel şirkətinin təsisçisi, eyni zamanda TQTA-nın tərəfdaşı və praktika müəssisəsi kimi fəaliyyət göstərən Əminə Dəmirli iştirak etmişdir.
Görüş zamanı Turan Qastro Turizm Akademiyasının fəaliyyəti, tədris proqramları, beynəlxalq standartlara uyğun kadr hazırlığı istiqamətində həyata keçirilən layihələr və gələcək inkişaf strategiyası barədə geniş məlumat verilmişdir. Qonaqlara akademiyanın qastro-turizm, hotelçilik, xidmət sektoru və tətbiqi təlim imkanları təqdim olunmuş, praktiki bazası ilə tanışlıq təşkil edilmişdir.
Müzakirələr zamanı Azərbaycan–Türkiyə qardaşlığı fonunda turizm, qastro-turizm, sağlamlıq və diaspora sahələrində birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılmış, qarşılıqlı təcrübə mübadiləsi, kadr hazırlığı, tələbə və mütəxəssis mübadiləsi, birgə forumlar və təlim proqramlarının həyata keçirilməsi məsələləri ön plana çəkilmişdir.
Görüşün mühüm nəticələrindən biri olaraq, İZAZDER və AHTTSA, Space Travel və FAZLANET Texnoloji Biliklər Anonim Şirkəti arasında əməkdaşlıq memorandumları imzalanmışdır. İmzalanan memorandumlar turizm və sağlamlıq turizmi sahəsində innovativ layihələrin hazırlanması, rəqəmsal həllərin tətbiqi, beynəlxalq platformalarda birgə təmsilçilik və startap yönümlü təşəbbüslərin dəstəklənməsini nəzərdə tutur.
Tədbirin sonunda Turan Qastro Turizm Akademiyası ilə tərəfdaş qurumlar arasında 2026-cı ildə İzmir və Bakı şəhərlərində keçiriləcək turizm və diaspora yönümlü tədbirlərdə birgə iştirak, eləcə də ortaq stendlər, seminarlar, təqdimatlar və ustad dərslərinin təşkili barədə razılıq əldə olunmuşdur.