Zeferinfo.az xəbər verir ki, Əsəddin Curu oğlu Novruzovun bu gün dəfn mərasimi keçirilib.
Şəhidin qalıqları ailəsinin yaşadığı Mingəçevir şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Ə. Novruzov 1939-cu ildə Ağdərə rayonu Baş Güney kəndində anadan olub. Uzun illər Ağdərənin Mehmanə kənd həkim ambulatoriyasında həkim kimi çalışıb. Qarabağda münaqişələrin başladığı günə qədər əmək fəaliyyətinə burada davam edib.
1991-ci ildə yaradılan kənd ərazi özünümüdafiə batalyonunun ən fəal üzvlərindən biri olub.
1992-ci il martın 12-də ermənilərin kəndə hücumunun bir hissəsi onun evi istiqamətində həyata keçirilib. Səhər saatlarında silahlıların artıq evə yaxınlaşdığını görən Ə. Novruzov oğlu Şamil Novruzovla birgə düşmənin irəliləməsinin qarşısını alıb. Lakin cəmi 2 nəfərlə düşmənin qarşısını qismən almağa nail olublar.
Ermənilərin açdığı atəş nəticəsində yaralanan Əsəddin Novruzov oğlunun köməkliyi ilə evinə gətirilib. Lakin onun nəşini çıxarmağa ermənilər imkan verməyib.