“İstənilən adamın telefonuna girə bilərdik” deyən hakerə hökm oxunub

“Istenilen adamin telefonuna gire bilerdik” deyen hakere hokm oxunub
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs olunan 1993-cü il təvəllüdlü Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Zeferinfo.az xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Tural Əliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən proqramları əldə edərək tətbiq etməkdə, habelə nəhəng yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etməkdə ittiham olunur.

Belə ki, o, kompüter texniki avadanlıqlarından istifadə edərək 4 il ərzində yerli və xarici fiziki və hüquqi şəxslərin mobil telefonlarına və kompüter sistemlərinə müdaxilə edib.

Bundan əlavə, Tural kiberhücumlar nəticəsində Amerika və İsrail şirkətlərinin hamıya açıq olmayan məlumatlarına giriş əldə edib.

T.Əliyev Cinayət Məcəlləsinin 271.2.1-ci (kompüter sisteminə qanunsuz daxil olma – təkrar törədildikdə), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham olunaraq həbs edilib.

Onu da qeyd edək ki, Tural Əliyev məhkəmədəki ifadəsində istənilən adamın telefonuna girə biləcəyini iddia etmişdi.