İranda molla rejimi devrilərsə, hakimiyyətə kim gələ bilər?

Iranda molla rejimi devrilerse, hakimiyyete kim gele biler?

İranda molla rejiminin süqutu artıq nəzəri müzakirə mövzusu olmaqdan çıxaraq real siyasi ssenari kimi qiymətləndirilir. Ölkəni bürüyən kütləvi etirazlar göstərir ki, cəmiyyət illərdir davam edən teokratik idarəetmədən ciddi şəkildə bezib. Lakin əsas sual hələ də açıq qalır: molla rejimi devrilərsə, hakimiyyətə kim gələ bilər?

Uzun müddət Qərb dairələrində, xüsusilə də ABŞ-da potensial alternativ kimi Pəhləvi ailəsinin adı hallandırılsa da, bu ssenari artıq gündəmdən düşüb. Ağ Evin “Pəhləvi kartı”ndan imtina etməsi bunu açıq şəkildə təsdiqləyir. ABŞ prezidenti Donald Trampın açıq bəyanatı — Rza Pəhləvinin İranı idarə etmək potensialının olmadığı fikri — Vaşinqtonun monarxiya variantını ciddi alternativ saymadığını göstərdi.

Ən diqqətçəkən məqam isə budur ki, İranda hazırkı etiraz dalğasının konkret və tanınmış lideri yoxdur. Bu aksiyalar ideoloji və ya partiya əsaslı deyil, daha çox sosial ədalətsizliyə, iqtisadi böhrana, siyasi repressiyalara və dini diktaturaya qarşı xalq narazılığının nəticəsidir. Tarix göstərir ki, əksər inqilablarda müəyyən mərhələdə lider fiqurlar önə çıxır. Lakin İranda bu proses hələ baş verməyib.

Digər tərəfdən, maraqlıdır ki, ölkədə nə radikal müxalifət, nə də silahlı və ya ideoloji baxımdan sərt alternativ qüvvələr ön plana çıxır. Bu da İran cəmiyyətinin daha çox sabitlik, islahat və tədrici dəyişiklik istədiyini göstərir.

Bütün bu qeyri-müəyyənlik fonunda həm etirazçıların, həm də analitik dairələrin diqqəti hazırkı prezident Məsud Pezeşkiana yönəlir. İslahatçı mövqeyi ilə tanınan Pezeşkian son aylarda xüsusilə etirazçıların nəzarətində olan media resurslarında, əsasən də Telegram kanallarında mümkün gələcək lider kimi təqdim olunur. Onun sistemi daxilindən gəlməsi, radikal ritorikadan uzaq durması və Qərblə dialoqa açıq mövqeyi müəyyən ümidlər yaradır.

Lakin əsas suallardan biri budur: Qərb ölkələri və xüsusilə ABŞ Məsud Pezeşkianı İranın gələcək lideri kimi qəbul edəcəkmi? Yoxsa Vaşinqton və Avropa paytaxtları daha fərqli, daha “kənar” bir fiqurun ortaya çıxmasını gözləyəcək?

Digər riskli ssenari isə İranın sabit keçid dövrü yaşaya bilməməsi və ölkənin Yuqoslaviya tipli parçalanma, daxili xaos və regional qarşıdurmalar mərhələsinə daxil olmasıdır. Etnik, məzhəbi və siyasi fərqliliklərin dərin olduğu İranda mərkəzi hakimiyyətin zəifləməsi bu cür təhlükəli prosesləri sürətləndirə bilər.

Demək olar ki, molla rejiminin devrilməsi İran üçün yeni başlanğıc olmaqla yanaşı, ciddi risklər də yaradır. Hazırda nə etirazçıların açıq lideri var, nə də beynəlxalq səviyyədə qəbul olunmuş alternativ siyasi fiqur mövcuddur.

Məsud Pezeşkian isə bu boşluğu doldura biləcək ən real namizədlərdən biri kimi görünür. Lakin onun taleyi həm daxili güc balansından, həm də Qərbin İranla bağlı strateji qərarlarından asılı olacaq.

Qoşqar Salmanlı