İnsanın öz dövlətinin bayrağı altında yaşaması böyük xoşbəxtlikdir”- millət vəkili Elçin Mirzəbəyli

Insanin oz dovletinin bayragi altinda yasamasi boyuk xosbextlikdir”- millet vekili Elcin Mirzebeyli

Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, əməkdar jurnalist Elçin Mirzəbəyli “Məktəbdə...” layihəsinin qonağı olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki görüşü paytaxtdakı 132-134 nömrəli liseydə keçirilib. 

Qonaq məktəblilərlə söhbətə özünün məktəb illəri, müəllimləri ilə bağlı xatirələrindən, ölkəmizin müstəqillik uğrunda mübarizəsinin başlandığı dövrlərə  təsadüf edən gənclik, tələbəlik illərindən başladı.

Son dövrlər təhsil sahəsində aparılan islahatlardan söz açan millət vəkili bu islahatların uğurlu nəticəsinin olacağına inamını ifadə edib, məktəb və müəllim nüfuzunun qorunmasının vacibliyindən danışıb, bu məsələdə cəmiyyətin həmrəylik nümayiş etdirməsinin önəmini vurğulayıb. Yeniyetmə və gənclərin ictimai həyatın müxtəlif sahələrindəki fəallıqlarını, öz bacarıqlarını inkişaf etdirmək üçün göstərdikləri səyləri yüksək qiymətləndirən qonaq süni intellekt əsrinin həyatımıza təsirləri haqqında fikirlərini bildirib, məktəblilərə öz tövsiyələrini verib.

Qarabağ Zəfərindən, işğaldan sonra yeni həyatını yaşayan doğma yurd yerlərimizdən, Böyük Qayıdışdan bəhs edən E.Mirzəbəyli şeirə, sənətə olan bağlılığından da danışıb, Vətən Müharibəsinin gedişində qələmə aldığı “Bir nəfəs qədər yaxın” şeirini şagirdlər üçün səsləndirib. Məktəbliləri Vətəni ritorikasız, pafosdan uzaq sevməyə səsləyən qonaq onları qalib ölkənin vətəndaşları olduqları və öz müstəqil dövlətlərinin bayrağı alında yaşadıqları üçün xoşbəxt nəsillər adlandırıb.

E.Mirzəbəyli şəxsi təcrübələri əsasında maraqlı nümunələrlə şagirdləri düşündürən suallara aydınlıq gətirib, vacib mövzularla bağlı məktəblilərlə fikir mübadiləsi aparıb.

"Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

Qeyd edək ki, layihənin  informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Görüşü Təhsil TV də işıqlandırır.