“İNAM Şagird İttifaqları Platforması” layihəsi uğurla yekunlaşıb – FOTOLAR

“INAM Sagird Ittifaqlari Platformasi” layihesi ugurla yekunlasib – FOTOLAR
 

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “İNAM Şagird İttifaqları Platforması” layihəsi uğurla yekunlaşıb. Layihə çərçivəsində şagirdlərin liderlik, idarəetmə və icma fəallığı bacarıqlarının inkişaf etdirilməsi məqsədilə genişmiqyaslı təlim və simulyasiya sessiyaları təşkil olunub.
Layihənin son mərhələsində keçirilən dörd simulyasiya sessiyası zamanı iştirakçılar komanda quruculuğu, problem həll etmə, liderlik və təşəbbüskarlıq kimi bacarıqları praktik fəaliyyətlər vasitəsilə təkmilləşdiriblər. Simulyasiyalar gənc iştirakçılara real həyat şəraitinə uyğunlaşdırılmış situasiyalarda öz bacarıqlarını sınamaq imkanı yaradıb.
Layihənin bağlanış mərasimi Sabunçu Gənclər Evində baş tutub. Tədbirdə 74 nömrəli tam orta məktəbin direktoru və layihə rəhbəri Murad Zeynalov çıxış edərək layihənin məqsədləri, görülən işlər və əldə edilən nəticələr haqqında geniş məlumat verib. Onun sözlərinə görə, bu təşəbbüs şagirdlərə təkcə nəzəri biliklər deyil, həm də onları gələcək fəaliyyətlərində tətbiq edə biləcəkləri praktik bacarıqlar qazandırıb.
Bağlanış tədbirində layihə boyu xüsusi fəallıq göstərən şagirdlər fərqlənmə sertifikatları və hədiyyələrlə təltif olunublar. Digər iştirakçılara isə iştirak sertifikatları təqdim edilib.
Qeyd edək ki, layihə çərçivəsində Bakı şəhərinin müxtəlif ümumtəhsil müəssisələrindən seçilmiş 50 şagird üçün 8 təlim sessiyası təşkil olunub. Bu sessiyalar zamanı iştirakçılar liderlik, ünsiyyət, strateji planlaşdırma və komanda idarəetməsi kimi mühüm bacarıqlara yiyələniblər.