İmtahanlara qanunsuz texniki vasitə keçirməklə bağlı cinayət işi üzrə məhkəmə baxışı başlayıb

Imtahanlara qanunsuz texniki vasite kecirmekle bagli cinayet isi uzre mehkeme baxisi baslayib
 
Bu il keçirilən buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Zeferinfo.az xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunur.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün DİMərkəzi tərəfindən xüsusi araşdırma aparılıb. Nəticədə Gəncə şəhərində keçirilən növbəti qəbul imtahanında bəzi abituriyentlərin üzərində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və istifadəsi müvafiq orqanlar tərəfindən xüsusi icazə əsasında yol verilə bilən texniki vasitələr aşkarlanıb.

17 iyun 2025-ci il tarixində xüsusi yoxlama alqoritmlərinə əsasən nəticələri şübhə doğuran abituriyentlərin, həmçinin üzərlərində texniki vasitələr aşkarlanan abituriyentlərin siyahısı araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Cinayət işinin materiallarından müəyyən olunur ki, bu iş üzrə kömək edilməsi nəzərdə tutulan abituriyent sayı 11 nəfərdir. Həmin abituriyentlər də şahid qismində ifadə vermiş və öz əməllərini ifadələrində etiraf ediblər.
Xatırladaq ki, cinayət işi araşdırılarkən texniki cihazları yerləşdirmək üçün xüsusi ayaqqabıları hazırlayan pinəçi də istintaqa dəvət olunub və şahid qismində ifadə verib.
Yeni təqsirləndirilən şəxslərin əməlləri üzə çıxıb
İstintaqın gedişi zamanı 29 oktyabr tarixində DİM zərərçəkmiş şəxs kimi tanınmış və istintaq məlumatları təqdim edilmişdir. İttiham aktı ilə tanış olan zaman hazırda təqsirləndirilən şəxslər Abbasov Gündüz Yaşar oğlu və Əsədov Kamran Alim oğlunun da əməlləri üzə çıxıb.
Artıq məlum olduğu kimi, ittiham aktına əsasən Gündüz Abbasov və Kamran Əsədov qadağan olunmuş texniki cihazlar vasitəsilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlardan asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. Onlar müxtəlif yerlərdə abituriyentlərlə görüşərək texniki cihazlardan istifadə olunma qaydasını izah ediblər. Qeyd edək ki, bu cihazların yerləşdirilməsi üçün altı qalın idman tipli ayaqqabılardan istifadə olunub. Onların alt hissəsi xüsusi alətlə kəsilərək genişləndirilib. Beləliklə kənardan baxılanda ayaqqabının altlığında kənar əşyaların olmasını girişdə müəyyən etmək mümkün olmayıb.
Həmin abituriyentlər daha sonra sanitar qovşağa gediblər (qaydalara əsasən imtahan başlayana qədər iştirakçıların təbii ehtiyaclarını ödəməsinə imkan yaradılır). Orada onlar qulaqlığı xüsusi çubuq vasitəsilə qulaqlarına, kameranı köynəyin düymə hissəsinə, ötürücü cihazı xüsusi yapışqan vasitəsilə çiyinlərinə, internet paylacı cihazı isə ayaqqabının daban hissəsinə yerləşdiriblər. Daha sonra sinif otağına qayıdıblar və imtahan başlayandan sonra üzərlərində olan kameranı kitabçaya tutmaqla görüntünü qarşı tərəfə ötürüblər. Qarşı tərəf isə öz telefonunda olan xüsusi proqram vasitəsilə görüntüləri canlı şəkildə əldə edib. Cavablar isə üzərində “vip smart” sözləri yazılmış nazik plastik karta oxşayan və üzərində hər hansı düymə və s. olmayan telefona zəng etməklə bildirilib. Belə ki, kartın üzərində olan nömrəyə zəng gəldikdə avtomatik telefon açılır və zəng edən şəxsin səsi eşidilir.
Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində məhkəmənin qərarı ilə həbs, Kamran Əsədov barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
Cinayət işinin başlanmasına səbəb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edilməsi olub. DTX-dən göndərilən materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. İstintaq nəticəsində yuxarıda qeyd edilən şəxslərdən əlavə daha bir neçə nəfərə cinayət işi açılıb. Onların da işi hazırda məhkəmədədir.