İlin sonunadək Xocalı və Ağdərəyə daha 800 ailənin köçürülməsi planlaşdırılır

Ilin sonunadek Xocali ve Agdereye daha 800 ailenin kocurulmesi planlasdirilir

Zeferinfo.az  Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu fikirlər avqustun 22-də Xankəndidə səfərdə olan Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian Auqustin Nikulesku Tsıqırlasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin rəsmiləri səsləndirib.

Qonaqlara əhalinin məskunlaşması barədə də məlumat verən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru Telman Kərimlinin sözlərinə görə, Xankəndi şəhərinin Baş planı artıq təsdiqlənmək üzrədir:

"Bu gün qarşıda duran əsas vəzifə şəhərin yenidən qurulmasıdır. Hazırda Xankəndidə “Zəfər parkı” salınır, “Zəfər muzeyi” bərpa olunur, inzibati binalar tikilir, yaşayış evləri bərpa edilir, yeni infrastruktur layihələr həyata keçirilir. Dayanıqlı məskunlaşmanın təmin edilməsi, infrastruktur və iqtisadiyyatın bərpası prioritet istiqamətlərdəndir. Burada investorlar üçün münbit şərait var. Hazırkı dövrədək əraziyə investorlar tərəfindən 56 milyon manatdan çox investisiya qoyulub. Fəaliyyətə başlamış sahibkarlıq subyektləri üzrə 2 min 200-ə yaxın şəxs işlə təmin olunub. İlin sonunadək digər obyektlər fəaliyyətə başladıqda iş yerlərinini sayı 5 mini ötəcək”.

O əlavə edib ki, Xocalı şəhəri və Ağdərə rayonuna ailələrin köçü təmin olunub. Bu günədək Xocalı və Ağdərədə 770 ailə məskunlaşıb. İlin sonunadək isə bu şəhərlərə daha 800 ailənin köçürülməsi planlaşdırılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov isə Xankəndinin gənclər şəhəri kimi formalaşacağından danışıb:

"Qarabağ Universiteti bölgənin gənc kadrlarla təmin edilməsi və elm mərkəzinə çevrilməsi üçün mühüm əhəmiyyət kəsb edəcək. Gələcəkdə Qarabağ Universitetinin Rumıniyanın Maramureş vilayətindəki Texniki Universitetlə əməkdaşlığı da nəzərdən keçirilə bilər".

İlk dəfədir Xankəndiyə səfər etdiyini deyən K.A.N.Tsıqırlas isə Qarabağın gözəlliyindən, turizm və sənaye potensialından, Xankəndi ilə Maramureş vilayətininn əməkdaşlıq imkanlarından söz açıb:

"Bura mədəniyyət və incəsənət sahəsində folklor, musiqi, rəqs və teatr festivallarının qarşılıqlı təşkili, qardaşlıq münasibətlərini simvolizə edən “Mədəniyyət günləri”nin təşkili, turizm, iqtisadiyyat, təhsil, ictimai diplomatiya sahəsində əməkdaşlıq da daxildir".

Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da regionlararası əməkdaşlığın ölkələr üçün vacibliyini diqqətə çatdırıb.

Xankəndidə olan qonaqlara milli atributları xatırladan müxtəlif hədiyyələr təqdim olunub. Rumıniya parlamentinin üzvləri, Xankəndi şəhərində gedən bərpa-quruculuq işləri ilə də tanış olub, Qarabağ Universitetini ziyarət ediblər, Şuşa şəhərini gəziblər.