İlham Əliyev müsahibələrinin birində deyir

Ilham Eliyev musahibelerinin birinde deyir

İlham Əliyev müsahibələrinin birində deyir
"Turqut Özal rəhmətə getmişdi. Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev də dəfn törənində iştirak etmək üçün Ankaraya gedəcəkdi. O, VİP solununda əyləşmişdi. Elə bu zaman Azərbaycan Prezidenti Əbülfəz Elçibəy salona daxil oldu. Heydər Əliyev ayağa qalxıb onu salamlayarkən Əbülfəz bəy “Qalxmayın, əyləşin, Heydər bəy” dedi . Atam isə “mən Azərbaycan prezidentinin qarşısında dayanmışam”, - deyə cavab verdi. O vaxt orada Elçibəyin vəzifəyə təyin etdiyi bəzi adamlar da vardı, əlləri cibində saymazyana dayanmışdılar".

Heydər Əliyev! Biz bu adamı zaman keçdikcə daha dərindən tanıyacağıq. Cənab Prezidentin şahidi olduğu hadisəni öz müsahibəsində dilə gətirməsi həm Heydər Əliyevin, həm də Elçibəyin nə qədər böyük şəxsiyyət olduqlarının təsdiqidir. Elçibəy "qalxmayın, əyləşin, Heydər bəy" deməklə onun böyüklüyünə, ağsaqqallığına ehtiramını göstərib. Heydər Əliyev isə "mən Azərbaycan prezidentinin qarşısında dayanmışam" ifadəsiylə həm qarşılıqlı ehtiramını göstərmiş, həm də dövlət tərbiyəsinin nə qədər vacib faktor olduğunu ortaya qoymuşdur. 

Elçibəy rəhmətə gedəndə də Heydər Əliyev eyni tavrı sərgiləmişdi. Vida mərasimi Akademiyanın binasında gerçəkləşdi. Birdən Heydər Əliyev dövlət ərkanı ilə zala daxil oldu. Zaldakı cəbhəçilər onu görən kimi "Ən böyük Elçibəy, başqa böyük yox!" şüarını qışqırmağa başladılar. Heydər Əliyev qəti şəkildə bu tərbiyəsizliyə fikir verməyərək, əvvəlcə mərhumun ailəsinə yaxınlaşıb onlara başsağlığı verdi, dərdlərini bölüşdü, sonra da Elçibəyin nəşi önündə baş əyib, fəxri qarovulda durdu.

Bəli, Elçibəy çox böyük şəxsiyyət idi! Amma onun böyüklüyü qaragüruhun yersiz şüarı ilə deyil, elə onun kimi böyük şəxsiyyət Heydər Əliyevin ona göstərdiyi sonsuz ehtiramın fonunda daha parlaq görünürdü!

Tanrı türkün bu iki böyük oğluna - Heydər Əliyevə və Əbülfəz Elçibəyə rəhmət eləsin! Nur içində yatın, BÖYÜK KİŞİLƏR!!!

Fərəməz Novruzoğlu