İlham Əliyev Burkina Fasonun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Burkina Fasonun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinta Somenin etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Azərbaycanın Burkina Faso ilə münasibətlərin hərtərəfli inkişafında maraqlı olduğunu deyən Prezident İlham Əliyev ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu bildirdi. Dövlətimizin başçısı iqtisadi-ticari sahədə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd etdi, Azərbaycanın Burkina Fasoya investisiya yatırması imkanlarının araşdırılmasının önəmini vurğuladı.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunan Azərbaycan Prezidenti, ilk növbədə, BMT-də, Qoşulmama Hərəkatında qarşılıqlı dəstəyin göstərilməsinin vacibliyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini vurğulayaraq, ölkəmizin bu dövrdə xüsusi diqqət yetirdiyi mövzulardan birinin də müstəmləkəçilik, neomüstəmləkəçilik və bununla mübarizə məsələsinin olduğunu bildirdi. Bu xüsusda Fransanın həyata keçirdiyi neomüstəmləkəçilik siyasətinin ikrah hissi doğurduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın bu siyasətə qarşı öz səsini ucaltdığını və qanlı müstəmləkəçilik tarixi olan Fransanın bu gün də əsarət altında saxladığı xalqlara müstəqillik, azadlıq tələb etdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın qeyri-hökumət təşkilatlarının da bu istiqamətdə beynəlxalq qeyri-hökumət hərəkatı çərçivəsində fəal iş apardığını bildirdi.
Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən danışan Prezident İlham Əliyev Azərbaycanın öz torpaqlarını işğaldan azad edəndən sonra Fransanın əsl simasını nümayiş etdirdiyini, BMT-də, Avropa İttifaqında ölkəmizə qarşı ədalətsiz şəkildə fəaliyyət həyata keçirdiyini qeyd etdi.
Söhbət zamanı dövlətimizin başçısı Azərbaycanın Afrika İttifaqı yanındakı səfirinə Afrika ölkələri ilə daha sıx münasibətlərin qurulması, onlarla müxtəlif istiqamətlər üzrə ikitərəfli formatda konkret əməkdaşlıq məsələlərinin planlaşdırılması barədə də təlimat verildiyini qeyd etdi.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir, ilk növbədə, ölkəsinin lideri Brahim Traorenin salamlarını, eyni zamanda, dövlətimizin başçısının yenidən Prezident seçilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsi münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara və təbriklərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Burkina Fasonun liderinə çatdırmağı xahiş etdi.
Səfir Vinta Some Azərbaycan ilə ölkəsinin strateji səviyyədə hərtərəfli əməkdaşlığa hazır olduğunu, yaxın vaxtlarda geniş tərkibli Azərbaycan nümayəndə heyətinin Burkina Fasoya səfər edəcəyini vurğuladı. O, ölkələrimiz arasında enerji, kənd təsərrüfatı, təlim, təhsil, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd etdi.
Vinta Some ölkəsinin Azərbaycanın müstəmləkəçiliyə qarşı mübarizədə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd etdi. O, Afrikanın sahil regionunda baş verən proseslər haqqında məlumat verdi, artıq qitədə panafrikanizm hərəkatının güclənərək yeni vüsət aldığını vurğuladı.
Səfir COP29-un təşkilində Azərbaycana uğurlar arzuladı və Burkina Fasonun da bu tədbirdə müvafiq səviyyədə təmsil olunacağını diqqətə çatdırdı.