İlham Əliyev Azərbaycanı geosiyasi qarşıdurmalardan qoruyur! — TƏHLİL

Ilham Eliyev Azerbaycani geosiyasi qarsidurmalardan qoruyur! — TEHLIL
Qərbin Azərbaycanda milli hakimiyyətə qarşı təzyiz rıçaqları yaratmaq və öz maraqlarını təmin etmək məqsədilə şəbəkə formalaşdırdığı sirr deyil. Bu plan hələ 90-cı illərin sonlarından başlayaraq, tətbiq edilməyə başlandı. 2003-cü il iğtişaşları planda ilk mərhələlərdən biri idi. Lakin nəticə əldə edə bilmədilər, çünki xalq öz Prezidentini – İlham Əliyevi seçdi və arxasında sona qədər dayandı.

Qərbdə anti-Azərbaycan dairələri isə bu reallıqla heç vaxt barışmaq istəməyiblər. 2003-cü il hadisələrindən sonra anti-milli dairələr gah narıncıya büründü, gah “ərəb baharın”dan feyz aldı. Hərçənd ki, heç bir qüvvə xalq-iqtidar birliyini poza bilmədi. Nəticə əldə edə bilmədiyini anlayan Qərb dairələri 2013-cü ildə isə taktiki dəyişiklik edərək, gəncləri öz iğtişaş planlarına daxil etməyə cəhd göstərdilər. Bakıda planlaşdırılan və 2 milyon dollar vəsaitin ayrıldığı “facebook inqilabı” belə cəhdlərdən biri idi. Buna paralel olaraq, qeyri-ənənəvi fəaliyyətlər – feminizmin, LGBT hüquqlarının dəstəklənməsi, gəncləri anti-milli ruha cəlb etmək cəhdləri başlandı. 

Burada əsas diqqətçəkən məqamlardan biri Qərbin Azərbaycandakı şəbəkəsinin tərkibinin genişləndirilməsi idi. Əvvəllər daha çox ənənəvi müxalifətlə işləyən Qərb dairələri şəbəkəyə media və QHT sektorundan qruplar daxil etməyə başladılar. Media və təşkilatların prosesə daxil etməkdə məqsədlərdən biri də Azərbaycandakı şəbəkənin maliyyələşdirilməsini təmin etmək idi. Xüsusilə media və QHT layihələri ilə pullar ölkəyə gətirilir və birbaşa Qərb dairələrinin siyasi məqsədlərinə xərclənirdi. Azərbaycan dövləti bu qeyri-qanuni fəaliyyətin qarşısını almaq üçün xarici qrantlarla bağlı qanunu sərtləşdirəndən sonra Qərb dairələri öz şəbəkələrini “bəsləmək” üçün qaçaqmalçılıq yolundan istifadə etməyə başladı. Ayrılan vəsaitlər Gürcüstana gətirilir, yaxud Gürcüstan banklarına köçürülür, Azərbaycandakı şəbəkənin üzvləri Tbilisiyə gedərək, pulu götürür və qeyri-qanuni şəkildə ölkəyə gətirirlər. “Abzas Media”, “Toplum TV” və son olaraq, “Meydan TV” işi bu faktları ortaya çıxardı. 

Bu media orqanlarının iki əsas missiyası olub: həm Qərb dairələrinin sifarişləri əsasında Azərbaycanın milli maraqlarının əleyhinə informasiya müharibəsi aparır, həm də onların adına ayrılan vəsaitləri ölkəyə gətirərək, anti-milli şəbəkəyə paylayırdılar.

Dövlət bu prosesin qarşısını böyük ölçüdə aldı, hərçənd ki, “Meydan TV” işi göstərdi ki, yenə də eyni şəbəkə eyni yollardan və vasitələrdən istifadə cəhdinə son qoymayıb. 

Qərbin əsas məqsədi təzyiq kampaniya ilə Azərbaycanı vassal dövlətə çevirmək olub. Bu məqsədlə daxildə yaradılan anti-milli şəbəkə qanunsuz yollarla maliyyələşdirilib və konkret tapşırıqlar əsasında işləyiblər. Lakin indiyə qədər edilən bütün cəhdlər nəticə vermədi. Azərbaycanda vassal dövlət planı baş tutmadı. Çünki Azərbaycan xalqı Prezidentə tam dəstək verir və ətrafda baş verən hadisələri görür.

Azərbaycan xalqı müdrikdir. Qonşu Gürcüstan onilliklərdir Qərb planlarından əziyyət çəkir. Qərb faktiki olaraq, Gürcüstanı vassal dövlətə çevirməyə çalışırdı. Son seçkilərdə gürcü xalqı bu plana yox dediyi üçün Tbilisi küçələrində iğtişaşlar baş verdi. Ukrayna müharibəsi isə Qərb dairələrinin gerçək məqsədini əyani şəkildə ortaya çıxardı.  

Prezident İlham Əliyev Azərbaycanı məhz bu kimi planlardan qoruduğu, geosiyasi müharibə meydanına çevirməsinə imkan vermədiyi üçün Qərb dairələri tərəfindən təzyiq kampaniyası ilə üzləşir. Lakin Azərbaycan dövləti də, xalqı da hər şeyi yaxşı görür. İndiyə qədər Azərbaycanı geosiyasi qarşıdurma meydanına çevirmək cəhdləri baş tutmadığı kimi, bundan sonra da baş tutmayacaq. Buna Prezidenti İlham Əliyev və onu sona qədər dəstəkləyən Azərbaycan xalqı imkan verməyəcək!

Vasif Həsənli: “Demokrat.az” xəbər portalının rəhbəri