"Heydər Əliyev və Azərbaycanda insan hüquqlarına əsaslanan islahatlar" mövzusunda konfrans keçirilib
Bu barədə Zeferinfo.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, konfransda fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov və Nazirliyin əməkdaşları, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatları, FHN yanında İctimai şuranın üzvləri və digər şəxslər iştirak ediblər.
Əvvəlcə, konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, sonra Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov çıxış edərək, Heydər Əliyevin ömür yolundan, Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıb.
Nazir müavini Ümummilli Lider tərəfindən ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğunun möhkəm əsaslarının qoyulduğunu vurğulayıb. Dövlət siyasətində insan hüquq və azadlıqlarının qorunmasına xüsusi əhəmiyyət verilib və bu sahədə aparılmış islahatlar bütövlükdə cəmiyyətin və dövlətin inkişafında əvəzsiz rol oynayıb.
Ombudsman Səbinə Əliyeva tədbirdə çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin fövqəladə hallar orqanlarının yaradılması üçün institusional bazanın formalaşdırılmasında xüsusi xidmətlərinin olduğunu, Dahi Liderin rəhbərliyi ilə fövqəladə halların idarə olunması sahəsində də strateji yanaşmanın formalaşdırıldığını qeyd edib.
FHN Akademiyasının rəisi Baba Salayev, AMEA Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və əməkdar jurnalist Mübariz Əsgərov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıblar.
Tədbirin yekununda “Ölüm hökmü - ömürlük cəza” sənədli filmi nümayiş olunub.