Hərbi-idman oyununun paytaxt üzrə finalçısı bəlli olub

Ümumi təhsil məktəblərinin X və XI sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib.
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən zona mərhələsində ümumilikdə 12 komanda sıra, fiziki, mülki-müdafiə hazırlığı və maneələrin dəf olunması, eləcə də digər mərhələlər üzrə tapşırıqları icra ediblər.
Yekun nəticələrə əsasən, Sabunçu rayonu üzrə 67 nömrəli məktəbin komandası I, Nizami rayonu üzrə 229 nömrəli məktəbin komandası II, Binəqədi rayonu üzrə 300 nömrəli məktəbin komandası isə III yerə layiq görülüb.
Qaliblər kubok, medal, diplom və hədiyyələrlə təltif olunublar.
“Şahin” hərbi-idman oyunlarının Bakı şəhəri üzrə zona mərhələsində I yerin qalibi olan 67 nömrəli məktəbin komandası iyun ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə qərarına əsasən təşkil edilir.
“Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyəsi işini daha da gücləndirmək, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığını təmin etmək, gənclərə şanlı zəfər tarixini daha dərindən aşılamaqdan ibarətdir.