“Hər çıxışım mənim üçün bir imtahandır”- Xalq artisti Alim Qasımov

“Her cixisim menim ucun bir imtahandir”- Xalq artisti Alim Qasimov

Məşhur muğam ustası, Xalq artisti, Dövlət Makafatı laureatı Alim Qasımov “Məktəbdə...” layihəsinin qonağı olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü paytaxtdakı  İ.Əfəndiyev adına Elitar gimnaziyada keçirilib. 

Qonaq əvvəlcə gimnaziya şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxıb, təhsil ocağının “Şərəf kitabı”na ürək sözlərini yazıb.

Sevimli sənətkarı alqışlarla qarşılayan məktəblilər onunla səmimi söhbətlər edərək, şəkillər çəkdirərək akt zalına qədər müşayiət ediblər.

A.Qasımov vaxtilə oxuduğu Şamaxının Nabur kənd məktəbində ona dərs deyən müəllimlərindən, məktəb xatirələrindən, kiçik yaşlarından musiqiyə olan marağından söz açıb, muğam sənətinə gəlişi, ona bu yolda dəstək olan sənətkarlardan danışıb. Muğamın fəlsəfəsindən, onun insan həyatına, mənəvi tərbiyəsinə təsirlərindən bəhs edən sənətkar məktəblilərə dünya musiqisinin bənzərsiz nümunəsi olan Azərbaycan muğamının YUNESKO tərəfindən “Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri” siyahısına daxil edilməsindən, dövlət səviyyəsində, xüsusilə Heydər Əliyev Fondu tərəfindən muğam irsinə göstərilən diqqət və qayğıdan danışıb, şagirdləri maraqlandıran sualları cavablandırıb.  

Ustad sənətkarın sorağı ilə digər məktəblərdən təşrif buyuran gənc ifaçılar-  Mətləb Əhmədzadə və Ayan Əliyeva canlı ifalar səsləndirib, ustaddan məsləhətlər alıblar. “Hər çıxışım mənim üçün bir imtahandır”, deyən A.Qasımov gənclərə daim öz üzərlərində çalışmağı tövsiyə edib, onlara böyük səhnə uğurları arzulayıb.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.