Həmkəndlisini bıçaqlayan şəxsə məcburi müalicə təyin edildi

Ağcabədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Qoşqar Bayramovanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Zeferinfo.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunaraq ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin olunub. Qeyd edilib ki, qərarın icrası Ağcabədi Rayon Polis şöbəsinə və Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin.
İttihama görə, hadisə 01 fevral 2024-cü il tarixdə, saat 11 radələrində Ağcabədi rayonunun Avşar kəndi ərazisində yerləşən avtoyuma məntəqəsinin yanında qeydə alınıb.
Belə ki, həmin kənd sakini Qoşqar Bayramov həmin əraziyə gəlib digər şəxslərin oturub stolüstü oyunlar oynaması üçün qoyulmuş masada əyləşən həmkəndlisi, zərərçəkmiş Eldar Salamova (soyadı şərtidir) yaxınlaşıb. O, üzərində gəzdirdiyi bıçaqla qəsdən zərərçəkmişin döş qəfəsinə iki dəfə zərbə vurub, eyni zamanda Eldarın sağ və sol əlinin barmaqlarına kəsilmiş yara xəsarətləri yetirib.
Hadisədən sonra Qoşqar Bayramov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.