Həmin dərmanlar xüsusi loqolu apteklərdə veriləcək
Zeferinfo.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib.
O qeyd edib ki, siyahıya daxil edilən dərmanlarla bağlı bütün məlumatlar - təsiredici maddə, dozalar, kompensasiya faizləri Agentliyin rəsmi saytında dərc olunacaq: “İlk etapda siyahıya ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan, qan təzyiqini salmaq üçün dərmanlar daxil edilib. Bu dərmanların dəyərinin tam şəkildə və ya müəyyən hissəsinin sığorta fondu tərəfindən qarşılanması nəzərdə tutulur.
Eyni zamanda, dərmanların siyahıya daxil edilməsi üçün lazım olan meyarlar da təsdiqlənib. Bunun üçün dərman dövlət reyestrində qeydiyyatdan keçmiş olmalı, keyfiyyət, təhlükəsizlik və effektivlik tələblərinə cavab verməli, qiyməti dövlət tərəfindən tənzimlənməli, ən önəmlisi sığorta fondunun maliyyə imkanlarına uyğun olmalıdır”.
Qurum rəsmisi qeyd edib ki, dərmanların təyinatı üçün əsas mexanizm olaraq elektron resept sistemi müəyyən edilib: “Artıq elektron reseptlərin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumat bazası ilə inteqrasiyası üzrə texniki işlər aparılır. Sığorta hesabına qarşılanan dərmanlar yalnız Agentliklə müqavilə bağlayan özəl apteklərdə veriləcək. Bu apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar rahatlıqla tanıya bilsinlər”.