Hakimliyə namizədlər Türkiyədə təlim səfərində olublar - FOTO

Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən hakimliyə namizədlərin biliklərinin artırılması, xarici ölkələrin məhkəmə təcrübələrinin öyrənilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
Bu barədə Zeferinfo.az-a Məhkəmə-Hüquq Şurasından bildirilib.
Məlumata görə, yazılı və şifahi imtahandan müvəffəqiyyətlə keçmiş və ilkin tədris kurslarına göndərilən 31 nəfər hakimliyə namizəd cari ilin 8-13 sentyabr tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində təlim səfərində olublar.
Türkiyənin Ədliyyə Akademiyasında keçirilən təlimlərdə hakimlər tərəfindən hakimliyə namizədlərə Türkiyənin hüquq sistemi, hakimlərin statusu, ixtisaslaşmış məhkəmələrin, habelə ədliyyə, prokurorluq orqanlarının fəaliyyəti barədə məlumat verilib.
Həmçinin səfər çərçivəsində hakimliyə namizədlər və nümayəndə heyəti Türkiyə Respublikasının Konstitusiya Məhkəməsində, Ali Məhkəmədə, Hakimlər və Prokurorlar Şurasında və Qərbi Ankara Ədliyyə Sarayında fəaliyyət göstərən məhkəmələri ziyarət edib, yaradılan şəraitlə tanış olublar.
Eyni zamanda namizədlərin asudə vaxtlarının səmərəli təşkili və dünya görüşlərinin artırılması məqsədilə Türkiyənin turizim mərkəzlərinə və tarixi abidələrinə də ziyarəti təşkil edilib.