Gümrünün meri həbs edildi

Gumrunun meri hebs edildi

Gümrü Bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən böyük məbləğdə rüşvət alma və verməkdə təqsirləndirilən səkkiz nəfər həbs edilib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Ermənistan Anti-Korrupsiya Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan Anti-Korrupsiya Komitəsinin Əməliyyat-Tədqiqat İdarəsi tərəfindən aparılan genişmiqyaslı əməliyyat və gizli istintaq tədbirləri nəticəsində Gümrü bələdiyyəsinin başçısı və baş memarının əvvəlcədən əlbir olaraq rüşvət tələb edib aldığı faktlar aşkar edilib.

Başlanmış cinayət işi çərçivəsində bələdiyyə başçısı da daxil olmaqla səkkiz nəfərin cinayət məsuliyyətinə cəlb olunması və həbs edilməsi barədə qərarlar qəbul olunub.

Bundan əlavə, istintaq zamanı məlum olub ki, cinayətkar qrupun üzvləri korrupsiya əməliyyatlarının sirrini qorumaq və fasiləsizliyini təmin etmək məqsədilə Gümrü bələdiyyəsinin arzuolunmaz üzvlərinə qarşı təzyiq göstərərək onlara aid kompromat toplayıblar və onları şantaj yolu ilə idarə etməyə çalışıblar.

Həmçinin, bələdiyyə başçısının xidməti mövqeyindən sui-istifadə edərək bələdiyyənin balansında olan, lakin şəxsi istifadə etdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün sənədlərin saxtalaşdırılmasını, eləcə də yaxın qohumuna məxsus icazəsiz tikilmiş binanın qanuniləşdirilməsini təşəbbüs etdiyi müəyyən edilib.

Daha sonra əldə olunmuş sübutlar göstərir ki, baş memar digər altı halda da vətəndaşlardan qanunsuz əməl müqabilində rüşvət alıb.

Cinayət işi üzrə genişmiqyaslı əməliyyat və istintaq tədbirləri davam etdirilir. Məqsəd korrupsiya sxeminin tam strukturunu və mexanizmini ortaya çıxarmaq, habelə cinayətkar şəbəkənin bütün iştirakçılarını müəyyənləşdirməkdir.