Mətləbdən çox uzaqlaşmayım... Yol boyunca Salyan, Biləsuvar, nəhayət işğaldan azad edilən, namus, qeyrət abidələri doğma - Füzuli, Cəbrayıl və Zəngilan torpaqlarına ayaq basdıq. Burada məni və 30-dan çox həmkarımı dağlar və ağuşa alınmış meşələr qarşıladı. Norveçə, İsveçrəyə getməyə nə gərək var?! Demək, bizi müşayiət edən minik avtobusu ilə dərə-təpə düz gedərək meşələrin, dağların, eləcə də vəhşi ermənilərin 30 ildən çox qan uddurduğu xalqımın taleyini xatırladım. Axı məqsəd nə olub? Niyə məhz biz Azərbaycanlılara? Xülasə, elə hey düşünürəm və ərşə çəkilirəm. Nəhayət Zəngilanda bizi günəşli hava və qar qarşıladı. Maraqlı bir detalı sizin üçün vurğulayım.
Küləkli Bakıdan çıxanda soyuq qılınc kimi kəsirdi. Külək sanki insanı qaçırtmaqdan ötrü əsirdi. Fəqət Zəngilanda bu havadan əsər-əlamət qalmışdımı? Xeyr. Bu baxımdan elə bu yerlər həm də Uca Tanrının Azərbaycana bəxş etdiyi müqəddəs və möcüzəvi yerlərdir. Qarın və günəşin bədii təzadı əsl kompozisiya simvolu idi. Görənlər bihuş olurdu. Beləliklə, avtobusla iri, ucsuz-bucaqsız Zəngilan torpaqlarını gəzib, Ağalı kəndinə səfər etmək istədik. Amma belə olan halda avtobus palçıqla əhatə olunan selə batdı. Hər vəchlə köməkləşib bu situasiyadan çıxdıq. Bəziləri fikirləşər bəlkə də təşvişə düşdük, öldük-dirildik, amma etibarlı yerdə olduğumuzun fərqindəydik. Beləcə səfərimiz uğurla tamamlanırdı. Həmkarla dedik-güldük, həm də kədərləndik. Nəhayət, bir daha əmin oldum ki, insan əlində olanın dəyərini bilməli və yaşatmalıdır. Necə ki, biz bunu etdik və həmişə etməyə qadir olacağıq.
Səfərimizin məramı isə "Azərişıq” ASC-nin işğaldan azad edilən torpaqlarda gördüyü işlərlə tanışlıq, buradakı inkişaf dinamikasını seyr etmək, eyni zamanda vətənimin ecazkar gözəlliklərini daha yaxından görmək, o cümlədən enerji sərfiyyatının bu şəhərə necə paylandığını müşahidə etməkdən ibarət idi.
Görüb agah olub gələcək nəsillərə də bugünkü tarixi və mədəniyyəti çatdırmaq bizim vətənpərvərlik borcumuz və milli öhdəliyimizdir. Məhz bu cür xoş və firavan günləri bizə yaşadan ilk növbədə Ali Baş Komandana, şəhidlərə və qazilərə, eyni zamanda Uca Tanrıya təşəkkürlər!
Mikayıl Mirzəzadə