Gəncə stadionun açılışı olduqca mühüm bir hadisə idi -Millət vəkili

Gence stadionun acilisi olduqca muhum bir hadise idi -Millet vekili
 
Azərbaycanda qədim Gəncə şəhərində III MDB Oyunları keçirilir. Bu gün artıq III MDB Oyunlarının   rəsmi bağlanış mərasim baş tutacaq. Məhz bu oyunlarla bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərovla həmsöhbət olduq.

-Müşfiq müəllim bilirik ki, bu qədim Gəncədə keçirilən ilk böyük  tədbirdir. Gəncədə keçirilən MDB Oyunları barədə təəssüratlarınız necədir?

-Deyərdimki, III MDB Oyunları Gəncənin adını beynəlxalq idman tarixinə yazacaq. Əslində bu oyunların Gəncədə keçirilməsi sadəcə idman hadisəsi deyil, şəhərin simasının dəyişməsi üçün ciddi bir təkan oldu. Azərbaycanın ikinci böyük şəhəri olan Nizami yurdunun MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə ev sahibliyi etməsi dövlətimizin idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə müsbət təsirini göstərəcəkdir. Düşünürəmki, III MDB Oyunlarının 2025-ci ildə qədim Gəncə şəhərində keçirilməsi regionlarımızın beynəlxalq tədbirlərə təşviqi sahəsində atılan uğurlu addımdır. Digər tərəfdən də bu cür beynəlxalq idman yarışlarına ölkəmizin ev sahibliyi etməsi tələbə-gənclərin ictimai həyatda aktivliyinin təmini, onların könüllülük fəaliyyətlərinin inkişafına mühüm töhfədir.
-Müşfiq müəllim sözsüz bu mühüm oyunların Gəncədə təşkil edilməsi bir çox dəyişiklərə də səbəb oldu.

-Gəncə şəhərində tədbir üçün ciddi quruculuq işləri aparıldı. Gəncə İdman Sarayı da şəhərin yeni incilərindən biridir. Basketbol, voleybol, atıcılıq, üzgüçülük və digər idman növləri üçün nəzərdə tutulan bu nəhəng kompleks Qafqazda analoqu olmayan qurğular sırasında dayanır desəm yanılmaram. Burada hər bir idmançı yalnız məşq etmək üçün deyil, həm də beynəlxalq yarışlarda özünü sınamaq imkanı qazandı.

-Müşfiq müəllim həm də bu yaxınlarda Gəncədə çox mühüm bir hadisə oldu. Uzun illər gəncəli futbol azarkeşlərinin gözlədiyi gün gəldi və Gəncə stadionu açıldı. Biz də bu münasibətlə bütün futbol azarkeşlərini təbrik edirik.

-Doğrudan da Gəncə stadionun açılışı olduqca mühüm bir hadisə idi. Gəncə stadionu MDB Oyunlarının əsas məkanlarından biri oldu. Prezident İlham Əliyev cəmi bir il dörd ay əvvəl stadionun təməlini qoymuşdu, bu gün isə nəhəng idman qurğusu MDB oyunlarının meydançasına çevrildi. Avropa standartlarına uyğun inşa olunan, 15 mindən çox tamaşaçı tutumuna malik arena yalnız idman tədbirləri üçün nəzərdə tutulmayıb. Bu stadion Gəncənin, eləcə də bütün bölgənin gəncləri üçün idman məktəbinə çevriləcəyinə heç bir şübhə yoxdur.

-Müşfiq müəllim müsahibə üçün təşəkkür edirik.

– Çox sağ olun…