Gənc hüquqşünaslar üçün qış düşərgəsi təşkil ediləcək

Azərbaycanın Ədliyyə Nazirliyi, Almaniyanın Martin Lüter adına Halle Vittenberq Universiteti və ADA Universitetinin təşkilatçılığı, Azərbaycanın Gənclər Fondu və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin dəstəyi ilə yanvarın 14-18-də müxtəlif təhsil pillələrində təhsil alan, eləcə də məzun olmuş gənc hüquqşünaslar üçün Bakı və Lənkəran şəhərlərində “Lex Camp” düşərgəsi keçiriləcək.
Düşərgə çərçivəsində gənc hüquqşünaslar üçün “Mülkiyyət hüququ: müdafiə və məsuliyyət arasında” mövzusunda yerli və xarici mütəxəssislər tərəfindən müxtəlif nəzəri və praktiki təlimlər, seminarlar və keyslər üzərində iş təşkil olunacaq, rəsmilərlə panel görüşləri və digər maraqlı və səmərəli fəaliyyətlər icra olunacaq.
“Lex Camp” qış düşərgəsində iştirak etmək istəyən şəxslər dekabrın 30-dək qeydiyyat linkinə (//bit.ly/lexcampapplyform) daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat başa çatdıqdan sonra uyğun namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.