Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Genc esgerlerin andicme merasimi kecirilib

Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Zeferinfo.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, mərasimlərdə hərbi rituala uyğun olaraq hərbi hissələrin döyüş bayrağı sıra meydanına gətirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimlərdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Böyük Zəfərin 5-ci ildönümünə təsadüf edən andiçmə mərasimlərində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində mətinliklə döyüşmüş sərhədçilərin dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini xüsusi vurğulamışlar.

Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.

Tədbirlərdə Vətənə, dövlətə sədaqət andı içən gənc əsgərlərin nümunəvi hərbi qulluqçu kimi dövlətə, xalqa və Müzəffər Ali Baş Komandana daim sadiq qalacaqlarına, Vətən sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına əminlik ifadə olunaraq onlara müvəffəqiyyətlər arzulanıb.

Hərbi qulluqçuların valideynləri yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər.

Andiçmə mərasimləri gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.