Gələn ildən XI sinfin buraxılış imtahanında xarici dil fənni üzrə yeni imtahan modeli tətbiq ediləcək
Gələn ildən buraxılış imtahanında xarici dil fənni üzrə müəyyən dəyişikliklər nəzərdə tutulur.
Zeferinfo.az-ın Dövlət İmtahan Mərkəzinə istinadən verdiyi xəbərə görə, 2027-ci ildən etibarən tam (11 illik) orta təhsil səviyyəsində təhsilalanların yekun attestasiyası zamanı xarici dil fənləri üzrə istifadə olunacaq imtahan modeli müzakirəsi ilə bağlı seminarda bildirilib ki, mərhələli yanaşmanın davamı olaraq 2027-ci ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında həmin şagirdlərin xarici dil biliyinin dinləmə bacarığı üzrə bir mətn və mətnə əsasən 4 qapalı tipli test tapşırığı, oxu bacarığı üzrə iki oxu mətni və hər mətnə aid 4 qapalı tipli test tapşırığı, leksik-qrammatik biliyin ölçülməsi üzrə 13 qapalı tipli test tapşırığı vasitəsilə, yazı bacarığının yoxlanılması isə verilən mövzu və ya sual əsasında ən az 100 söz həcmində bir abzasdan ibarət yazı yazmaq tələb edən modelə əsasən qiymətləndirilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, yeni yanaşmanın əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir. Yazı tapşırığı iştirakçıların strukturlaşdırılmış yazı bacarığını ölçməyə yönəlib və şagirdlərin fikirlərini məntiqi ardıcıllıqla ifadə etmə qabiliyyətini ön plana çıxarır. Nəzərdə tutulan yeni imtahan modeli nümunəsi ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, bu imtahan modelinə uyğun olaraq Elm və Təhsil Nazirliyinin (ETN) dəstəyi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ildə Bakı və Sumqayıt şəhərlərinin bəzi məktəblərində pilot imtahanlar keçirilib.
Məlumat üçün bildiririk ki, buraxılış imtahanlarında xarici dil fənləri üzrə qiymətləndirmə modeli mərhələli şəkildə yenilənir və ictimaiyyətə öncədən məlumat verilir. Bu istiqamətdə artıq 2025-ci ildə ilk dəfə olaraq 9-cu sinif buraxılış imtahanında şagirdlər yazı bölməsində şəkillər əsasında hekayə yazmaq tapşırığını yerinə yetiriblər. Sözügedən tapşırıq şagirdlərin təkcə dil biliklərini deyil, həmçinin mətn qurmaq, ideyanı inkişaf etdirmək və yaradıcı düşünmə bacarıqlarını qiymətləndirməyə imkan verir.
Xatırladaq ki, bu imtahan modelinə uyğun tapşırıq nümunələri və öyrədici materiallar artıq Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş və istifadə olunan xarici dil fənni üzrə dərsliklərdə geniş şəkildə təqdim olunub. Bundan əlavə, tətbiq olunacaq imtahan modelinə uyğun müxtəlif tapşırıq nümunələri DİM-in siniflər üzrə nəşr etdiyi “Qiymətləndirmə tapşırıqları” kitabında, test toplularında da veriləcək.