FHN Xətai rayonunda kompleks mülki müdafiə təlimi keçirib - VİDEO

Bu barədə Zeferinfo.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimdə FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, Elm və Təhsil Nazirli “Yüksək Texnologiyalar Parkı” MMC-nin baş mühəndisi Rahim Heydərov, FHN-in aidiyyəti yerli qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsinə cavabdeh şəxslər, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.
Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da yaxşılaşdırılmasından ibarət olub.
Müşavirədə çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində qurumların birgə və əlaqələndirilmiş fəaliyyətinin əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.
Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlim zamanı şərti irimiqyaslı fövqəladə hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, “xilasetmə və digər təxirəsalınmaz tədbirlər” uğurla həyata keçirilib.
Kompleks təlimə ümumilikdə 156 nəfərdən ibarət şəxsi heyət və 31 ədəd texnika cəlb edilib. Tədbirdə FHN-in qüvvələri, rayon mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.