FHN "Uşaq hüquqları aylığı" çərçivəsində tədbir keçirib

FHN "Usaq huquqlari ayligi" cercivesinde tedbir kecirib

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin birgə təşkilatçılığı ilə "Uşaq hüquqları aylığı" çərçivəsində Nizami Rayon Yanğından Mühafizə Hissəsində növbəti "açıq qapı günü" keçirilib.

Zeferinfo.az xəbər verir ki, məqsəd məktəblilərin hərtərəfli inkişafına, fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürən və xilasedicilərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

Tədbirdə iştirakçılara yanğınsöndürən və xilasedicilərin gündəlik rejim qaydaları və hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib.

Bu çərçivədə şərti yanğının "söndürülməsi" və "itmiş şəxsin" xüsusi təlim görmüş it tərəfindən tapılması əməliyyatları iştirakçıların marağına səbəb olub.

Bundan əlavə, tədbir iştirakçıları fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə də yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.

Tədbirdə məktəbliləri maraqlandıran suallar da cavablandırılıb.