FHN İnsan hüquqları aylığı ilə əlaqədar tədbir keçirib

FHN Insan huquqlari ayligi ile elaqedar tedbir kecirib
İnsan Hüquqları Aylığı çərçivəsində Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və FHN Akademiyasının birgə təşkilatçılığı ilə Nazirliyin Akademiyasının kursant və zabitləri üçün “Xilasetmə işinin təşkilində insan hüquq və azadlıqlarının aliliyinin təminatı” mövzusunda seminar keçirilib.

Zeferinfo.az FHN-ə istinadən xəbər verir ki, seminarın keçirilməsində məqsəd yetişməkdə olan kadrların diqqətini insan hüquq və azadlıqlarının dövlətin ali dəyər olması prinsipinə yönəltmək, xilasetmə fəaliyyətinin təşkili zamanı bu prinsipin təmin olunmasının fövqəladə hal orqanı işçisinin ümdə vəzifəsi olduğunu onlara bir daha xatırlatmaq olub.

Tədbirdə çıxış edənlər - İctimaiyyətlə əlaqə idarəsinin əməkdaşı mayor Vüsalə Zahirova və Akademiyanın Hüquq bölməsinin rəisi Məmməd Məmmədov iştirakçılara ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlər, bu sahədə qanunvericilik və təsisati baza, Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqları, eləcə də İnsan Hüquqları Aylığının məqsədləri haqqında məlumat veriblər. Çıxışlarda, həmçinin fövqəladə hallar orqanları işçilərinin peşə fəaliyyətlərini yerinə yetirərkən etik davranış qaydalarına uyğun olaraq, insanların hüquq, azadlıq və qanuni maraqlarına hörmət prinsipinə əməl etmələrinin vacibliyi vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.