Fəxrəddin Altun: Azərbaycan mətbuatı xalqın səsi, mədəni irsin daşıyıcısı və fikir azadlığının müdafiəçisi olub

Fexreddin Altun: Azerbaycan metbuati xalqin sesi, medeni irsin dasiyicisi ve fikir azadliginin mudafiecisi olub
Azərbaycan mətbuatı 150 illik tarixi ilə yalnız xəbər çatdırmaqla kifayətlənməyib, eyni zamanda xalqın səsi, mədəni irsin daşıyıcısı və fikir azadlığının müdafiəçisi olub.

Zeferinfo.az  xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun mayın 30-da Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri" konfransı - "MEDİAFEST-2025"ə videomüraciəti zamanı deyib.

O, həqiqətin çatdırılmasını özünə borc bilən, ədalətli media mədəniyyətinin qorunmasına töhfə verən, etik dəyərlərə və jurnalistikanın prinsiplərinə sadiq qalan bütün mətbuat nümayəndələrini təbrik edib:

"Dezinformasiyanın ən yüksək həddə çatdığı bir dövrdə, dəqiq məlumatı ictimaiyyətə çatdırmaq məsuliyyəti ilə hərəkət edən Azərbaycan mətbuatının həqiqət uğrunda apardığı mübarizəyə verdiyi töhfədən böyük məmnunluq duyuram. Həsən bəy Zərdabinin 1875-ci ildə Azərbaycan dilində nəşr etdiyi “Əkinçi” qəzeti ilə başlanan Azərbaycan mətbuatının yolçuluğu bu gün də böyük uğurla davam edir. Xüsusilə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan mətbuatı ölkənin haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq və sistemli dezinformasiya cəhdlərinin qarşısını almaq uğrunda əzmlə fəaliyyət göstərdi. Siz haqlı mübarizənizi böyük əzmlə müdafiə edərkən, eyni zamanda həqiqətin də carçısı oldunuz. Beynəlxalq ictimaiyyətin yalan, uydurma məzmun və dezinformasiya ilə zəhərlənməsinin qarşısını aldınız”.

F.Altun həmçinin bildirib ki, Azərbaycan və Türkiyə arasında mətbuat sahəsindəki əməkdaşlıq “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu ilə daha da gücləndi:

"Azərbaycan və Türkiyənin ortaq media platforması da kommunikasiya və media sahəsində əməkdaşlığı və Türk dünyası ilə münasibətlərin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İki ölkə arasındakı əlaqələr “Bir millət, iki dövlət” prinsipi ilə kommunikasiya sahəsindən enerjiyə, logistika sahəsindən müdafiə sənayesinə qədər hər sahədə özünü göstərir".