Ermənistan Qarabağ iddialarından tamamilə əl çəkir?
Ermənistan Daxili İşlər Nazirlyi (DİN) bəyanat yayıb. Bəyanatda bildirilir ki, Qarabağdan məcburi köçkün düşmüş şəxslər sürətləndirilmiş qaydada Ermənistan vətəndaşlığını ala bilərlər.
Qeyd edilib ki, Qarabağdan köçən ermənilər İrəvanda Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinə, rayonlarda isə Daxili İşlər Nazirliyinin bütün ərazi bölmələrinə lazımi sənədləri təqdim etməlidirlər.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Qarabağdan köçən ermənilərə Ermənistan vətəndaşlığının verilməsi, əslində, onların əvvəlki şəkildə Qarabağa iddialarının ortadan qalxması deməkdir:
Ətraflı
"Daha ermənilərin hansısa şəkildə məcburi köçkün, qaçqın kimi özlərini sırımağa ehtiyac duyulmayacaq. Artıq Ermənistan vətəndaşı kimi fəaliyyət göstərib yaşayacaqlar. Ermənilərin hansı adda özlərini tanıtması bizim üçün fərq etmir. Onların bu gün Qarabağa hansısa iddiası mənasızdır".
F.Mustafa vurğulayıb ki, Qarabağ ermənilərinin Erməınistan vətəndaşı kimi gələcəklərini qurması Azərbaycan üçün daha məqbuldur:
"Seçim artıq onların özlərinə aiddir. Azərbaycan vətəndaşı olmaq üçün bizim konstitusiyamızı qəbul etməlidirlər. Azərbaycan vətəndaşı olmaq istəmirlərsə, elə doğru yolu seçib Ermənistan vətəndaşı kimi öz gələcəklərini qururlar. Bu da bizim üçün daha məqbuldur. Çünki onlar hansı mühitdə özlərini daha prespektivli, həyat şərtlərinə uyğun görürlərsə, daha yaxındır. Çünki Azərbaycanda onun konstitusiyasına, bayrağına hörmət edənlər ola bilər. Erməni bunu qəbul etmək istəmirsə, onun öz bayrağının, himinin olduğu yerdə vətəndaşlıq alması daha ağlabatan yoldur".