Ermənistan parlamenti sabiq müdafiə nazirini toxunulmazlıqdan məhrum edib

Ermənistan parlamenti “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanı deputat toxunulmazlığından məhrum edib. Onun deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı vəsatəti qanunverici orqana baş prokuror Anna Vardapetyan təqdim edib.
Zeferinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Gizli səsvermə keçirilib və 107 deputatdan 59-u toxunulmazlıqdan məhrum etmənin lehinə səs verib, əleyhinə səs verən olmayıb.
Ohanyan özü daha əvvəl bu işi şou adlandırmış və reabilitasiya mərkəzində müalicə aldığı üçün müzakirədə iştirak etməmişdi.
Gizli səsvermə nəticəsində 59 lehinə, 0 əleyhinə səslə parlament “Hayastan” fraksiyasının katibi Artsvik Minasyanı da deputat toxunulmazlığından məhrum edib.
“Hayastan” fraksiyasının katibi keçmiş müdafiə naziri Seyran Ohanyanın işi üzrə ittiham olunur. O cümlədən o, qanunsuz əmlakı - Draxtik kəndində, Sevan Milli Parkının ərazisində yerləşən malikanəni leqallaşdırmaqda ittiham olunur. İstintaqın məlumatına görə, malikanə Ohanyana məxsusdur.
Prokurorluğun versiyasına görə, 2016-2018-ci illərdə təbiəti mühafizə naziri vəzifəsində çalışmış Minasyan qanunsuz tikinti barədə məlumat verməli idi, lakin bunu etməyib. Nəticədə prokurorluq əlavə çətinliklərlə üzləşib: malikanə nəinki leqallaşdırılıb, həm də onun sonradan ictimai istifadəyə verilməsini nəzərdə tutan investisiya proqramına daxil edilib.
Ohanyan müdafiə naziri işlədiyi 2010-2015-ci illərdə Geqarkunik rayonunun Draxtik icmasında 10,5 min kvadratmetr ərazini qanunsuz olaraq mənimsəməkdə ittiham olunur.