“Ermənistan müharibəyə təhrik edilir”-Bəhruz Məmmədzadə

“Ermenistan muharibeye tehrik edilir”-Behruz Memmedzade

“Son günlər Fransa və Hindistanın Ermənistana silah tədarükü prosesi gedir, bu da bölgədə geosiyasi gərginliyin artmasına səbəb olur”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri, hərbi ekspert Bəhruz Məmmədzadə deyib.
Ekspert bildirib ki, Ermənistan Fransadan "Caesar" özüyeriyən artilleriya sistemləri alır: “Bu sistemlər yüksək dəqiqlik və hərəkət qabiliyyəti ilə tanınır və hücum xarakterli silahlar hesab olunur. Fransanın bu addımını, Ermənistanı Azərbaycana qarşı müharibəyə təhrik etməsi kimi qiymətləndirmək olar. Bu silahların Ermənistana verilməsi bölgədə sülhə mane olur, müharibə ehtimalını yüksəldir. Qərb Cənubi Qafqazda sabitliyi pozmaq, yenidən münaqişə ocağı yaratmağa çalışır. Ermənistan Fransa ilə yanaşı Hindistandan da müxtəlif silahlar, o cümlədən artilleriya və zenit sistemləri tədarük edir. Hindistan da bununla bölgədə təsirini artırmağa cəhdiedir. Dövlətimiz bu addımlara qarşı hər zaman sərt şəkildə öz münasibətini bildirib. Xüsusilə vurğulayıram ki, Ermənistanın bu silahları Azərbaycana qarşı istifadə edə biləcəyi ehtimalı yüksəkdir. Yəni Ermənistan müharibəyə təhrik edilir”.
B.Məmmədzadə diqqətə çatdırıb ki, Azərbaycanın bu silah tədarükünə qarşı reaksiyası kəskin olmalıdır: “Hökumət bu addımları bölgədəki mövcud sülh prosesinə təhlükə kimi qiymətləndirməli, Fransa və Hindistanın hərəkətlərinə sərt reaksiya verməlidir. Azərbaycan müttəfiqləri ilə hərbi əməkdaşlığını gücləndirməli və beynəlxalq platformalarda bu məsələni qaldırmalıdır.
Qərb silah tədarükünü həyata keçirməklə bölgədə strateji üstünlük əldə etmək istəyir. Azərbaycan dövləti isə bu məsələni diqqətdə saxlayır və sülhə mane olan addımlara qarşı mövqeyini sərt şəkildə ifadə edir.
Ermənistanın hərbi büdcəsini artırması, regionda geosiyasi və təhlükəsizlik dinamikalarının dəyişməsi ilə bağlı ciddi müzakirələrə səbəb ola bilər. Ermənistan son illərdə həm daxili siyasi gərginliklər, həm də regionda baş verən münaqişələr fonunda hərbi gücünü modernləşdirməyə çalışır.
2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra Ermənistan ordusunun ciddi islahatlara və modernləşdirməyə ehtiyacı olduğu açıq şəkildə görünür. Bu səbəbdən hərbi büdcənin artırılması, texniki təchizatın yenilənməsi və ordunun hazırlıq səviyyəsinin yüksəldilməsi üçün addımlar atılır.
Azərbaycan Cənubi Qafqazda strateji əhəmiyyətli bir mövqeyə malikdir və bəzi regional gərginliklər fonunda müdafiə qabiliyyətini artırmağa ehtiyac duyur.
Ermənistanla həll olunmamış problemlər və sərhəd insidentləri hərbi hazırlığın artırılmasını zəruri edir.
Azərbaycanın hərbi büdcəsinin artırılmasına, regional təhlükəsizlik, milli müdafiə qabiliyyətinin gücləndirilməsinə ehtiyac var idi. Bu məqsədlə də 2025-ci ildə Azərbaycanın hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artırılmasını müsbət dəyərləndirmək olar”.