Əli Həsənovu bəsləyən Nurlan Həsənov kimdir? – SENSASİON FAKTLAR

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində ev dustaqlığı qərarı və rəsmi şəkildə dövlətə xəyanət, hakimiyyətin zorla dəyişdirilməsinə cəhd maddələri ictimaiyyətdə çoxsaylı reaksiyalar doğurub və əlbəttə ki, bəzi versiyaların dövriyyəyə buraxılmasına səbəb olub.
Zeferinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu versiyalardan biri PA-nın sabiq şöbə müdiri Əli Həsənovun ifadəsi əsasında Ramiz Mehdiyev barəsində tədbirin görülməsidir. Bu ehtimalın inandırıcılıq dərəcəsini bir kənara qoyaraq, Əli Həsənovun adının xatırlanmasını vurğulayaq. Yəni Ramiz Mehdiyevin vətənə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsi cəhdi ittihamlarında Əli Həsənovun “yada düşməsi” təsadüf deyil.
Əli Həsənov uzun illər PA-da şöbə müdiri vəzifəsini daşıyıb və bir müddət Prezident köməkçisi də olub. Rəqəmlərə diqqət edək: Ramiz Mehdiyev 1995-ci ilin 7 fevralında PA rəhbəri təyin edilib, qısa müddət sonra, elə həmin ildə Əli Həsənov PA-da İctimai-siyasi məsələlər şöbəsinə rəhbər gətirilib.
Ramiz Mehdiyev 23 oktyabr 2019-cu ildə PA-da vəzifəsindən azad edildi, cəmi bir ay sonra – 29 noyabrda Əli Həsənov yola salındı.
Ramiz Mehdiyev və Əli Həsənovun eyni komandada oynadıqları haqda bundan sonra yayılan məlumat daha heyrətamizdir.
Mediada yayılan məlumata görə, hazırda Britaniyaya sığınan və oradan Azərbaycan hakimiyyətinə qarşı çirkin böhtanlar yağdırmaqdan çəkinməyən Qurban Məmmədov Nərimanov rayonunda o vaxt İcra Hakimiyyətinin işçisi olan Nurlan Həsənovla sövdələşməyə gedərək, saxtakarlıq yolu ilə ona aid olan mənzilin sahəsini sənədlərdə 480 kv metr kimi rəsmiləşdirib.
2011-ci ildə Gilan MMC-yə məxsus olan AzərTrans MMC həmin ərazidən tikinti məqsədilə sakinləri köçürməyə başlayıb. Q.Məmmədov isə saxta yolla 480 kv metr yazdırdığı ərazi müqabilində verilən əmlakla razılaşmayıb. Daha sonra Əli Həsənov o vaxt Nərimanov rayon icra başçısı olan Abdin Fərzəliyevə əmr verib ki, sözügedən məsələni Q.Məmmədovun istəyinə uyğun həll etsin. Abdin Fərzəliyev isə tərəddüd edərək məsələni uzatmağa çalışıb. Sonra işə Ramiz Mehdiyev qarışıb. O, icra başçısına zəng edib və üstünə qışqıraraq Q.Məmmədovun məsələsini dərhal həll etməyi tapşırıb.
Beləliklə, Əli Həsənov və Ramiz Mehdiyev tərəfindən gedən tapşırıqlar əsasında Nərimanov rayonu M.Nağıyev küçəsi 19/27-ci məhəllə 2a saylı ünvanda inşa edilən binada 3 mənzil Qurban Məmmədova verilib. Bu mənzillərin ümumi sahəsi 306.5 kv metr, qeyri-yaşayış sahəsi isə 909 kv metrdir. 80 kvadrat metr qaraj verilib. Ümumilikdə, Qurban Məmmədov saxta yolla 130 kvadratdan 480 kvadrat yazdırdığı sahə müqabilində Atlant İnşaatın tikdiyi yeni binada 1295.5 kvadrat metr ərazi əldə edib.
Bu sahəyə görə Q.Məmmədovun 1.324.500 manat pul ödədiyi deyilsə də, faktiki olaraq bu pul ödənilməyib. Bu əməliyyat tam şəkildə qanunsuzdur.
Q.Məmmədovun Əli Həsənovun dəstəyi ilə əldə etdiyi mülklərin sayının onlarla olduğu və onların dəqiq ünvanları da mediada yayılıb.
Maraqlıdır, Əli Həsənov niyə tələbə yoldaşı Qurban Məmmədova bu qədər yardım edib? Bunun arxasında hansı maraqlar dayanıb?
Bəs, Q.Məmmədova ilk yardımı edən Nurlan Həsənov kimdir?
Nurlan Həsənovun ilkin 500 000 dollar kapitalı bağlanmış Azərbaycan Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin qaçırılmasından qazanması haqda istintaqın dəlil əldə etdiyi vurğulanır. Hətta buna görə o, beynəlxalq axtarışa da verilibmiş.
Lakin sonralar Nurlan Həsənovla bağlı mətbuatda yazılmış bütün yazılar Əli Həsənov və Eldar Mahmudov tərəfindən sildirilmişdir. O zaman Əli Həsənovun canfəşanlığının səbəbi ictimaiyyətə bəlli olmasa da, Konkret.az yazır ki, illər sonra Nurlan Həsənovla biznes ortağı olması faktı üzə çıxdı.
Eldar Mahmudovun öz ailəsinə aid olan 90 AA 009 nömrəli dövlət nömrə nişanını Nurlan Həsənova hədiyyə etdiyi vurğulanır. Nurlan Həsənov isə bu “qardaşlıq” qarşısında borclu qalmamış, əvəzində Eldar Mahmudova Əhməd Rəcəbli küçəsində 40 milyon manat olan bir neçə mülk hədiyyə etmişdi.
Ən ciddi ittihamlar 2020-ci illə bağlıdır – Əli Həsənov və Ramiz Mehdiyevin vəzifədən azad edilməsindən az sonra. Həmin il Əli Həsənovla Nurlan Həsənovun eyni vaxtda İstanbula getməsi diqqət çəkmişdi. İşin ən ilginc tərəfi isə Qurban Məmmədovun da eyni vaxtda İstanbula gəlməsi idi.
Açıq mənbələrdə yayılan məlumatda iddia edilir ki, Nurlan Həsənovun sadəcə Qurban Məmmədovu maliyyələşdirdiyi bildirilsə də, sonradan onun bir çox başqa söyüş müxalifətçilərini maliyyələşdirdiyi şübhəsi yaranıb.
İstintaqa cəlb edilən Nurlan Həsənovun istintaqa bəzi sirləri hələ o vaxt verdiyi də açıq mənbələrdə yazılır.
Bu məqamda Əli Həsənovun sərvəti də gündəmdədir. Açıq mənbələrə istinadla, Əli Həsənovun mülklərini təqdim edirik:
Yaşayış kompleksləri
1. Bakı şəhərində “Dostluq V” yaşayış kompleksi (7 blok, 18 mərtəbə)
2. Bakı şəhərində “Evrostroy SS” yaşayış kompleksi – 12 bloklu 16 mərtəbələrdən ibarət olan 2 kompleks
3. Bakı şəhərində “Rahatlığın məkanı”– “Gold” yaşayış kompleksi - 25 blok
4. Bakı şəhərində “Araz 2011” yaşayış kompleksi
5. Bakı şəhərində H.Əliyev prospektində 6 bloklu yaşayış kompleksi
6. Bakı şəhərinin Nərimanov rayonunda, “Çanaqqala” restoranı ilə üz-üzə 5 bloklu bina
7. Bakı şəhərinin Ceyhun Hacıbəyli küçəsində “Araz” İnşaat tərəfindən tikilən yaşayış kompleksi
Obyekt olaraq tikilərək icarəyə verilmiş daşınmaz əmlaklar
1. Nərimanov rayonunda, Ağa Nemətulla küçəsində 5 ədəd qeyri-yaşayış sahəsi, hər biri 3-5 min kv.m
2. Nərimanov rayonu Atatürk prospekti 6-8 ünvanında “Araz” şirkətinin yerləşdiyi 2 mərtəbəli ofis binası
3. Ziya Bünyadov prospektində 31 ədəd qeyri-yaşayış sahəsi (Beton zavod, mağazalar və s.)
4. Köhnə erməni qəbiristanlığı ərazisində 3 mini futbol stadionu
5. Nərimanov rayonunda, İqtisad Universitetinin korpusu ilə üz-üzə 10 000 kv.m ərazisi olan “Avto-Qalereya”
6. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində 4 ədəd obyekt (“Hilal Elektrik” binası və yanındakı 3 bina)
7. Nərimanov rayonu, Təbriz küçəsində 3 qeyri-yaşayış sahəsi
8. Azadlıq prospektində inşa edilmiş otel binası
Restoranlar
1. Fəvvarələr meydanında “Cook Zone” restoranı
2. “Park Bulvar” və “Metroparkda” “Big Chef” və “Fast food” restoranlar şəbəkəsi
3. Nərimanov rayonu, Atatürk parkında “Park” restoranı
4. Nərimanov rayonu, Atatürk parkında “Beer House” restoranı
5. Nərimanov rayonu, Atatürk parkında “Garden” restoranı
6. Nərimanov rayonu, Həsən Əliyev küçəsinin Q.Murad küçəsi ilə kəsişməsində 50 sot ərazidə şadlıq evi və gecə klubu kompleksi
7. Nərimanov rayonunda yerləşən hamam kompleksi
8. Nərimanov parkı ərazisində 3 ədəd restoran və oyun attraksionları
Dövlət hesabına tikilərək mənimsənilmiş obyektlər:
1. Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 3A ünvanında dövlət hesabına tikilərək mənimsənilmiş 12 000 kv.m qeyri-yaşayış sahəsi
2. Nərimanov rayonu, Heydər Əliyev prospektində dövlət hesabına tikilmiş 5 binada qohumlarının adına yazdırdığı 10 ədəd mənzil (Zamin, Azər, Zahid, Fərasət və digər qohumlar)
Villalar
1. Əhməd Rəcəbli küçəsində “Hilal Elektrik” mağazasının arxasında tikilmiş 3 ədəd 4 mərtəbəli villa
2. İstanbulun lüks səmtində boğaz mənzərəli qəsr (Qiyməti 25 milyon ABŞ dolları)
3. Şamaxıda 4 ədəd villa
4. Novxanıda 2 ədəd villa
5. Nərimanovda, köhnə erməni qəbiristanlığı ərazisində 6 ədəd villa
Zavod
İstanbulda “Mersedes” markalı yük maşınları istehsal edən zavod (dəyəri 120 milyon ABŞ dolları)
Kənd təsərrüfatı
Ramanıda 10 ha ərazidə, 1000 baş heyvanın saxlandığı ferma
Gecə klubu
Nərimanov rayonunda “Las Vegas” gecə klubu
Kiçik obyektlər
1. Nərimanov rayonda 30 ədəd ticarət köşkü və avtoyuma
2. “Nərimanov” metrosu üzərində 4 ədəd qeyri-yaşayış sahəsi
Yekun qeyd:
Əli Həsənovun Nurlan Həsənovla birgə mənimsədiyi və yuxarıda qeyd edilən əmlakların dəyəri 2 milyard manat olaraq qiymətləndirilir.
Bu qədər böyük sərvətləri ələ keçirən şəxslərin hakimiyyət eşqinə düşməsi mümkündür.
Yəqin ki, istintaq hakimiyyəti zorla ələ keçirməyə çalışan şəxslərin biznes imperiyasının necə idarə edilməsi və kimlərə nələrin göndərildiyini də üzə çıxaracaq.