XIX əsrin ikinci yarısında Azərbaycanın milli mətbuatsız qalması xalqın dünyadan xəbərsizliyinin, cəhalətin hökm sürdüyünün ən açıq sübutlarından idi. Lakin Həsən bəy Zərdabinin əzmi və uzaqgörənliyi ilə bu susqunluq pozuldu. 22 iyul 1875-ci ildə ilk sayı işıq üzü görən “Əkinçi” qısa müddət ərzində maarifpərvər ziyalıların səsinə çevrilmişdi. Qəzet kənd təsərrüfatı, elm, təhsil, sosial problemlər və cəmiyyətin yenilənməsi mövzusunda maarifləndirici məqalələrlə dolu idi.
Zərdabinin məqsədi sadə idi: xalqı savadlandırmaq, onları mövhumatdan və gerilikdən ayırmaq, ana dilində oxuyub-yazmağı yaymaq.
“Əkinçi” qəzeti cəmi iki il fəaliyyət göstərdi və 56 sayı işıq üzü gördü. Amma bu qısa ömür ona milli mətbuat tariximizin əbədi qəhrəmanı adını qazandırdı. Qəzetin bağlanmasına baxmayaraq, onun başladığı yol “Ziya”, “Kəşkül” kimi digər nəşrlərlə davam etdirildi və maarifçilik hərəkatının genişlənməsinə zəmin yaratdı.
Bugün Azərbaycan mətbuatı Həsən bəy Zərdabinin əbədi ideyalarının davamçısıdır. “Əkinçi”nin hər səhifəsi bu torpağın maarif işığında nurlanması üçün yazılmış bir məktubdur.
22 iyulun Milli Mətbuat Günü kimi qeyd olunması sadəcə bir tarix deyil, bu xalqın azad düşüncə, maarifçilik və milli şüur yolunda atdığı ilk addımın yadigarıdır. “Əkinçi”nin mirası hər bir jurnalistin vicdanında bir işıq, hər bir oxucunun qəlbində bir ümid kimi yaşayır. Bugünkü mətbuatımızın əsas borcu-bu işığı sönməyə qoymamaqdır.
Rəvanə Kərimova, Nəsimi Rayon Gənci.