Ədliyyə Nazirliyinin nümayəndə heyəti Keniyada beynəlxalq konfransda iştirak edib

Edliyye Nazirliyinin numayende heyeti Keniyada beynelxalq konfransda istirak edib
Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti 21-23 oktyabr tarixlərində Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilmiş "İslah Xidmətləri Həftəsi"ndə iştirak edib.

Nazirlikdən Zeferinfo.az-a verilən xəbərə görə, nümayəndə heyəti səfər çərçivəsində ölkəmizin Keniyadakı səfirliyində olub, Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub, xatirəsini ehtiramla yad edib.
Açılış mərasimində fəxri qonaq qismində çıxış edən nazir müavini konfransın işinə uğurlar arzulayıb. Tədbir penitensiar sahənin inkişafı, məhkumların islah prosesi, rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi və digər mövzular ətrafında panel və işçi iclaslarda müzakirələrlə davam edib.
Səfər çərçivəsində Keniya daxili işlər nazirinin baş katibi Salome M. Beacco ilə də görüş keçirilib. Görüşdə Azərbaycan ilə Keniya arasında penitensiar sahədə təcrübə mübadiləsi, şəxsi heyətin təlimi, reabilitasiya və reinteqarsiya proqramları və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin Syerra-Leone və Esvatinin nazir müavinləri – Penitensiar xidmət rəisləri ilə də görüşlər keçirilib.
Görüşlərdə ölkəmizin Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.
Səfər çərçivəsində nümayəndə heyəti Nayrobi Qərb cəzaçəkmə müəssisəsinə də baş çəkib, məhkumlar üçün yaradılmış şəraitlə tanış olub.