2024-cü ilin sonuna aid hesabatda Müstəqil Dövlətlər Biriliyinə (MDB) üzv ölkələr arasında ən yüksək nəticəyə malik 2-ci ölkə kimi Azərbaycanın 4 komponent üzrə mövqeyində əhəmiyyətli dərəcədə irəliləmə müşahidə olunub. Ölkəmizin turizm sektorunda inkişaf indekslərinin beynəlxalq indekslərə görə müqayisəli təhlili və bu sahədə müəyyən təşəbbüslərin həyata keçirilməsi olduqca vacibdir. Turizmin inkişafına koordinasiyalı şəkildə nail olmağın zəruriliyini nəzərə alsaq, dövlət qurumları ilə özəl sektorun proseslərə birgə cəlb edilməsi yüksək nailiyyətlər qazanmağa imkan yaradır. Digər tərəfdən turizmin daha sürətli inkişafı ölkənin hava yollarının olması və turizm şəhərlərinə birbaşa reyslərin açılmasıdır. Son illər Azərbaycanda bir neçə müasir hava limanı fəaliyyətə başlayıb. İndi turistlər Bakıya deyil bir çox hallarda birbaşa bölgədəki hava limanlarına uçuş edə bilərlər. Bir neçə güncə isə mətbuatda yayılan xəbərlərə görə artıq Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərindən birbaşa olaraq Qəbələyə yeni reysin açılacağı haqqında məlumat yayılmışdı. Turizm eksperti Cəfər Qarayev Ulusal.az-a açıqlamasında bu amilin turizmin inkişafına böyük təkan verəcəyini bildirib.
“Əbu- Dabidən birbaşa olaraq Qəbələyə reysin açılması tək ərəb turistlər üçün yox, digər ölkənin vətəndaşlarının da ölkəmizə təşrif buyurmasına səbəb olacaq. Bu reyslər həftədə 3 dəfə olmaqla Macarıstan dövlətinə məxsus olan “Wizz Air” aviaşirkəti tərəfindən həyata keçiriləcək. Bilirik ki, son illər Qəbələ Azərbaycan turizminin ən böyük mərkəzlərindən birinə çevrilib. Məhz bu reysin Qəbələ şəhərinə açılması ilə turizm axınına səbəb olacaq. Bu reyslər iyunun 19-dan start götürəcək. Turist axınına səbəb olacaq daha bir amil isə, sözsüz uçuş biletlərinin ucuz olmasıdır. Əbu Dabi-Qəbələ reysində biletin qiyməti basic tarifində 45.99 avrodan başlayır. Hesab edirəm ki, bizim turistlərin də Əbu Dabiyə səfərləri çoxalacaq. Mən səfər etmək istəyən turistlərə məsləhət görərdim ki, biletlərini öncədən alsınlar. Hesab edirəm ki, Azərbaycan turismi bundan sonra daha da inkişaf edəcək” -deyə Cəfər Qarayev bildirib.