DVX tərəfindən media nümayəndələri üçün təlim və müsabiqə keçirilib
Zeferinfo.az xəbər verir ki, ölkənin aparıcı informasiya saytlarını təmsil edən media nümayəndələrin iştirakı ilə keçirilən tədbirin məqsədi son 25 il ərzində vergi sistemində aparılmış islahatlar, əldə olunmuş nəticələr və qarşıdakı illər üçün nəzərdə tutulan prioritet istiqamətlər barədə ətraflı məlumat verməkdən ibarət olub.
Təlim çərçivəsində Tədris Mərkəzinin şöbə rəisi İmran Qarayev və Vergi siyasəti baş idarəsinin şöbə rəisi Niyaz Şükürov tərəfindən təqdimatlar keçirilib. Çıxışlarda 2000–2025-ci illərdə vergi sisteminin institusional inkişaf mərhələləri, elektron xidmətlərin formalaşması, vergi inzibatçılığında şəffaflıq və səmərəliliyin artırılması istiqamətində görülən işlər, həmçinin “Dövlət Vergi Xidmətinin 2025–2028-ci illər üzrə Strategiyası”nın əsas hədəfləri diqqətə çatdırılıb. Təlim iştirakçıları vergi orqanları ilə media arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, ictimaiyyətin düzgün məlumatlandırılması və vergi mədəniyyətinin təşviqi mövzularında da fikir mübadiləsi aparıblar.
Sonda media nümayəndələri arasında müsabiqə təşkil olunub. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.




