Dünya şöhrətli plastik cərrah, professor İbrahim Yıldırım vəfat edib

Dunya sohretli plastik cerrah, professor Ibrahim Yildirim vefat edib

Türkiyədəki Azərbaycan diasporuna ağır itki üz verib. İstanbul Universitetinin professoru, dünya şöhrətli plastik cərrah İbrahim Yıldırım vəfat edib.

Bu barədə Zeferinfo.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Əslən Azərbaycanın Qazax rayonundan – Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Mustafa Vəkiloğlunun nəslindən olan İbrahim Yıldırım 1936-cı il noyabrın 20-də Türkiyədə – Amasya vilayətinin Merzifon rayonunda dünyaya gəlib. İstanbul Universitetinin Tibb fakültəsini bitirdikdən sonra ABŞ, Avropa və Asiyanın müxtəlif ölkələrində plastik cərrahiyyə üzrə ixtisasartırma kurslarında təcrübə keçib, konfrans və seminarlarda iştirak edib. Dünyanın tanınmış plastik cərrahlarından biri olaraq müxtəlif ölkələrdə qonaq professor kimi mühazirələr oxuyub. Tibb sahəsində ixtisaslaşmış bir sıra cəmiyyət və təşkilatların, o cümlədən Azərbaycan Cərrahiyyə Cəmiyyətinin və Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin üzvü olub.

Molla Vəli Vidadinin və Molla Pənah Vaqifin nəticəsi olan Fiqən xanımla ailə quran İbrahim Yıldırım Azərbaycanla bağlılığını heç vaxt unutmayıb. Azərbaycanın elmi mühiti ilə yanaşı, ədəbi mühitini də yaxından tanıyıb. Vaxt məhdudiyyətinə baxmayaraq mütəmadi olaraq Azərbaycana gəlib, ədəbi məclislərdə, tədbirlərdə böyük həvəslə iştirak edib. Ümummilli lider Heydər Əliyevlə görüşüb. O, müstəqilliyimizin ilk illərində Birinci Qarabağ müharibəsində yaralanmış döyüşçülərimizin müalicəsinə, dərmanların gətirilməsinə, ağır yaralıların xarici ölkələrə aparılmasına, azərbaycanlıların Türkiyədə ali tibb təhsili almasına köməkliklər göstərib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ildə İbrahim Yıldırımı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edib.

Ölkəmizin inkişafı, tərəqqisi onu qəlbən sevindirib. Daim Azərbaycanı dünyaya təqdim və təbliğ edən professor tibbə dair bir sıra əsərlərlə yanaşı, “Azərbaycandan Amasyaya daşınan türk kültürü və şirvanlılar”, “Baş üstündə bir kitabın olması”, “Türkiyədə Azərbaycan kültürü”, “İstanbul Universitetini bitirmiş azərbaycanlılar”, “Amasya araşdırmaları” və digər tarixi-etnoqrafik kitabları da qələmə alıb. Vətən müharibəsi zamanı və ondan sonra Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xidmətlərini əsirgəməyib.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Türkiyədəki Azərbaycan icmasının fəal üzvü, professor İbrahim Yıldırımın vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.