DTX Naxçıvanda xarici ölkəyə casusluq edən silahlı şəxsi saxlayıb

DTX Naxcivanda xarici olkeye casusluq eden silahli sexsi saxlayib
Xarici xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi şəxs ifşa olunub.

Zeferinfo.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Fərzəliyev Siyafət Heydər oğlunun dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranıb.

Araşdırmalarla müəyyən edilib ki, Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici ölkə ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş, ölkəyə qayıtdıqdan sonra onların tapşırığı əsasında Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi və digər strateji əhəmiyyətli obyektlərin videoçəkilişlərini apararaq xarici xüsusi xidmət orqanının nümayəndələrinə təqdim edib.

Həmçinin qeyd olunan şəxsin yaşadığı mənzilə baxış keçirilərkən oradan “Kalaşnikov” tipli avtomat silahının ayrı-ayrı hissələri aşkarlanaraq götürülüb.

Siyafət Fərzəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, doyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 274-cü (dövlətə xəyanət) maddələri ilə məsuliyyətə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.