Azərbaycan idmançıları 2025-ci ildə 2113 medal qazanıblar. Azərbaycanın idman tarixi üçün bu rekord göstəricidir. Prezident İlham Əliyevin dediyi kimi bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman ölkəsi kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilən ölkə Prezidentimiz cənab İlham Əliyev mütəmadi olaraq ilin sonuna yaxın idmançılarla, idman ictimaiyyətinin nümayəndələri ilə görüşür və bu görüşlərdə il ərzində qazanılmış uğurlar, problemlər müzakirə olunur.
Ölkə başçısı bu dəfə də 2025-cü ilin yekunları ilə bağlı idman ictimaiyyəti ilə görüşündə bir çox maraqlı məqamlara toxundu. Həmin tədbirdə idman ictimaiyyətinin nümayəndələri cənab Prezident tərəfindən fəxri adlarla, mənzillərlə və digər mükafatlarla mükafatlandırılırlar.
Cənab Prezident dünyada nadir ölkə başçılarından biridir ki, həm də eyni vaxtda Milli Olimpiya Komitəsinə rəhbərlik edir.
Olimpiya hərəkatının ideyası sülhdür, dostluqdur, sağlamlıqdır və humanizm dəyərləridir. Bütün bunları özündə birləşdirən olimpiya hərəkatı ölkəmizdə xüsusi diqqət və qayğı nəticəsində hərtərəfli inkişaf edir. Bu ilin ən önəmli idman hadisəsi Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilmişdir ki, bu da çox böyük hadisədir, bizim üçün böyük şərəfdir.
Cənab Prezident əsasən həm ölkəmizdə təşkil olunan, həm beynəlxalq yarışlarda uğur qazanan idmançılarımızı bir örnək olaraq qeyd edərək bildirib ki, onlar bütün sahələrdə nümunədirlər və belə də olmalıdırlar.
Cənab Prezident gənclərimizin müzəffər gənc və müzəffər idmançı kimi meydanlara çıxdığını və bu qüruru yaşadıqlarını qeyd etdi. Sürətlə dəyişən dünyamızda gənclərimiz yad təsirlərdən uzaq olmalı və ümumiyyətlə, fiziki sağlam olmalıdır. Ali baş komandan Azərbaycan gəncini vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli görmək istəyir.
Son 5 ildir idmançılarımız beynəlxalq arenalarda qalib ölkənin, ərazi bütövlüyü və suverenliyini bərpa etmiş dövlətin nümayəndələri kimi çıxış edir. Beləliklə, döyüş meydanında əldə olunan Zəfərə idman qələbələrinin də əlavə olunması Azərbaycanın mövqeyini daha da möhkəmləndirir.
Dövlət başçımızın da söylədiyi kimi, idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir. Bu mənada Azərbaycan öz gücünə əsaslanan, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, ləyaqətlə, vicdanla irəliyə gedən ölkə kimi nümunə sərgiləyir.
Ölkə başçımızın idman siyasəti və idmançılarımıza göstərilən diqqət və qayğı elə onlar tərəfindən həm beynəlxalq yarışlarda, davranışlarında, həyat tərzlərində nümunə kimi qeyd olunacaq. Onlar böyük dünya arenalarında ölkəmizi şərəfli təmsil edəcəklər.