Dövlətə xəyanətdə ittiham olunan 22 yaşlı Fidan Əliyevanın cəzası azaldılıb
Dövlətə xəyanətdə ittiham olunan 22 yaşlı Fidan Əliyevanın cəzası azaldılıb.
Zeferinfo.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı təqsirləndirilən şəxsin vəkilinin kassasiya şikayəti qismən təmin edilib.
Müdafiə tərəfi şikayətində birinci instansiya məhkəməsinin onların təqdim etdiyi sübutların tədqiqindən əsassız imtina etdiyini və cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardığını qeyd edib.
Bundan başqa, şikayətdə qeyd olunub ki, təqsirləndirilən şəxsin anlaqlılığı barədə məhkəmə-psixiatriya ekspertizasının rəyi ziddiyyətli olub və təkrar ekspertiza keçirilməsi təmin edilməyib. Vəkil bu səbəbdən Fidan Əliyeva barədə bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Məhkəmə heyəti iddiaların tam əksi olaraq bu qənaətə gəlib ki, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmayıb, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilib.
Bununla belə cəza məsələsini müzakirə edən məhkəmə kollegiyası bu nəticəyə gəlib ki, kassasiya şikayət qismən təmin edilməli və Bakı Apellyasiya Məhkəməsinin qərarının cəza təyininə aid hissəsi dəyişdirilməlidir.
Belə ki, Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin rəyində bildirilib ki, Fidan Əliyeva hal-hazırda qarışıq tipli şəxsiyyət pozuntusudan əziyyət çəkir. Bu, onun uşaqlıq dövründən bəri yaşadığı psixoloji travmalar nəticəsində yaranıb. Həmin psixi patologiya ifadə olunma dərəcəsinə görə Fidanın öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum edib. Buna görə də Fidan Əliyeva anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür.
Məhkəmə heyətinin qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq Fidan Əliyeva barəsində cəza təyini zamanı CM-in 62-ci maddəsi tətbiq edib, apellyasiya instansiya isə həmin maddə tətbiq edilməklə təyin edilmiş cəzanı yüngülləşdirib.
Lakin, apellyasiya instansiya məhkəməsinin Fidan Əliyevanın şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, ilk məhkumluğunu, 22 yaşının olmasını, əməlindən peşman olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, cəzasının yüngülləşdirilməsinə mane olan hər hansı bir halın olmadığını nəzərə alaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin qismən, yəni sadəcə olaraq 1 il müddətinə yüngülləşdirilərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etməsindən görünür ki, əslində apellyasiya instansiya məhkəməsi Fidan Əliyevanın səhhətinin real vəziyyətini lazımınca nəzərə almayıb.
Məhkəmə kollegiyası işin hallarını bir daha ətraflı təhlil edərək belə nəticəyə gəlib ki, təyin edilən 5 il cəza 3 ilə endirilməlidir.
Qeyd edək ki, F. Əliyevaya Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir. Amma qanuna görə, Azərbaycanda qadınlar ömürlük məhkum edilə bilməzlər. O, 2022-ci ildə Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində aksiyada iştirak edən zaman Ermənistan xüsusi xidmət orqanının əməkdaşına Azərbaycan haqqında məlumatlar ötürməkdə ittiham olunub.