Dövlət Xidməti: 75 çimərliyə nəzarət həyata keçirilir

"Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət həyata keçirdiyi ümumilikdə 75 çimərlik var".
Zeferinfo.az xəbər verir ki, bunu çimərlik mövsümünə hazırlıqla bağlı Mərdəkanda yerləşən çimərliyə təşkil edilən media-turda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili deyib.
Qeyd olunub ki, xidmətin nəzarət etdiyi çimərliklərdə və İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsi ilə sualtı müayinələr, sualtı təmizləmə işləri aparılır: "Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanların və çimərlikdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr quraşdırılır, Xidmətin balansında olan xilasetmə texnika və vasitələr, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadəsi nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilir".
Bildirilib ki, bütün təhülksəzilik tədbirləri iyun ayının 15-dək yekunlaşacaq və iyunun 15-dən etibarən Xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.