Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul elan olunub

Bu barədə Zeferinfo.az-a Xidmətdən məlumat verilib.
Bildirilib ki, qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” ali təhsil ixtisası üzrə aparılacaqdır.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.
Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
ərizə;
anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);
tərcümeyi-hal;
özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;
attestatın notariat orqanları tərəfindən təsdiq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;
orta-ixtisastəhsili (əgər varsa) haqqında sənədin notariat orqanları tərəfindən təsdiq edilmiş surəti;
yaşayış yerindən arayış;
doğum haqqında şəhadətnamənin surəti;
valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti;
4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə).
Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:
Hərbi xidmətdə olmayanlar üçün –
2025-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.
Hərbi xidmətdə olanlar üçün –
DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.
Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.
Sənədlər Dövlət Sərhəd Xidmətinin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələrinə təqdim edilməlidir.