Zeferinfo.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş İnqilab Bayramov ifadə verib:
"Biz Mirmövsüm ağa ziyarətgahı yanında qurbanlıq işi ilə məşğuluq. Axşam yata bilmirdim, durdum heyvanların yerini təmizlədim. Təqsirləndirilən şəxsin atası gəldi mənə dedi ki, o, anasını divara dirəyib öldürmək istəyir. Qeyd etdi ki, əlində bıçaq var, gəlib səni də vurar. Mən dedim ki, imkan vermərəm. Gəldi bizim üstümüzə, dedim, niyə belə hərəkət edirsən valideynlərinə qarşı? Hücum etdi üstümüzə. Atasına şillə vurdu. Bıçaqla hücum edəndə mən keçdim qabağa, zərbə böyrümdən tutdu. Sinəmdən daha bir zərbə vurdu. Ümumilikdə mənə 7 bıçaq zərbəsi vurub. Bütün bunlara baxmayaraq, şikayətçi deyiləm".
Məhkəmənin növbəti iclası fevralın 19-na təyin edilib.
İttiham aktına əsasən, hadisə Şüvəlan qəsəbəsində baş verib. Zahid Bayramov üzərində saxladığı bıçaqla qonşusu İnqilab Bayramovun döş qəfəsinə və bədənin digər nahiyələrinə bir neçə dəfə zərbə vuraraq hadisə yerindən uzaqlaşıb.
Zərərçəkmiş Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Vaxtında göstərilən tibbi yardım nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Qeyd edək ki, Zahid Bayramova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.