Dörd milyonluq dələduzluqda təqsirləndirilən Nizami Alışanın məhkəməsində zərərşəkən ifadə verib

Zeferinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən kimi Yadigar İsrafilov ifadə verib.
O ifadəsində bildirib ki, Nizami Alişanı əvvəlcə sosial şəbəkələrdən, sonra isə tanışlarının vasitəsi ilə tanıyıb və 2022-2023-cü illərdə ona 200 min dollar verib: "İlk vaxtlar hər şey yaxşı idi. Qoyduğum puldan gəlir qazanırdım. Sonra Nizami ilə əlaqəm kəsildi. Ona iki dəfə pul vermişəm. Mən pul verəndə digər zərərçəkmiş Zeynal Usubov da yanımızda olub. Qazancın 50 faizinin mənə verilməsi barədə söhbətimiz vardı. Usubovla eyni vaxtda Nizamini tanımışam. 100 min dollardan 2500 dollar verib. Sonra hər ay 2 min dollar verirdi. Mənə cəmi 40 min dollar verib. 160 min dollar zərərin ödənilməsini istəyirəm".
Zərərçəkənin ibtidai istintaqdakı ifadəsi ilə məhkəmədəki ifadəsi arasinda ziddiyət olduğundan onun ifadəsi elan edilib.
Daha sonra Nizami Alişan sosial şəbəkələrdə qurduğu iş prinsipi haqqında məlumat verib. İş üzrə əsas zərərçəkən kimi 1 milyon 300 min manatını itirən Babək Məmmədzadə ilə elə sosial şəbəkələrdən tanıdığını deyib: "Babək məni əvvəldən sosial şəbəkələrdən izləyib. Birja sahəsində bacarıqlarımı çox yaxşı bilirdi və buna görə də mənim fəaliyyətimi izləyirdi. İlk dəfə o 100 min dollar yatırım edərək bunun qarşılığında qazanc əldə edəcəkdi".
Məhkəmənin vaxtı bitdiyinə görə iclası iyunun 23-nə təxirə salınıb.
Qeyd edək ki, iş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.
İttihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.
Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.
Babək Məmmədzadə “Aztelecom” MMC-nin sabiq direktoru Məhəmməd Məmmədovun oğludur.